Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də "gərgin olaraq qalıb".
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Qarabağ cəbhəsində gecə boyu nisbi sabit gərginliyin qorunduğunu bildirib. O, Facebook hesabında yazıb ki, "müxtəlif istiqamətlərdə atışma fərqli intensivliklə davam edib". Şuşan Stepanyan əlavə edib ki, bu səhər qarşı tərəf "şimal istiqamətdə hücuma keçib".
Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Ermənistan silahlı qüvvələri işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən Azərbaycan bölmələrinin mövqelərini və cəbhə xəttinə yaxın kəndləri dünən gün ərzində raket, artilleriya və minaatanlardan "atəşə tutub".
Qurumun məlumatında deyilir ki, qarşı tərəf gecə ərzində cəbhənin bəzi istiqamətlərində "fəallaşmağa cəhd göstərib".
Azərbaycan MN bunun "qarşısının alındığını, qarşı tərəfin ciddi itki verdiyini" bildirib.
Ermənistan Müdafiə Nazirliyinin itki verdikləri ilə bağlı hələlik bir şərhi yoxdur.
Azərbaycan və Ermənistan oktyabrın 10-da humanitar atəşkəsə razılaşsa da, tərəflər bir-birini bunu pozmaqda ittiham edir.





