Yerevanda müxalifət Konstitusiya dəyişiklərinə etiraz nümayişi keçirib

Yağış mitinqə mqneə oldu
Şəklin alt yazısı, Yağış mitinqə mqneə oldu

Yerevanın Azadlıq meydanında Ermənistanda Konstitusiya dəyişikliyinə qarşı çıxış edən və müxalif “Yox!” cəbhəsində birləşən qüvvələrin mitinqi güclü yağış altında keçib.

“Yox!” cəbhəsinin əsasını sabiq prezident Levon Ter-Petrosyanın təsis etdiyi Erməni Milli Konqresi Partiyası, “Yox!” və “Keçməyəcək” ictimai hərəkatları təşkil edir.

Təxminən 100-150 nəfər mitinq iştirakçısı qarşısında çıxış edən natiqlər xalqı 6 dekabrda keçiriləcək referendumda Konstitusiya dəyişikliyinə “yox” deməyə çağırıblar.

Müxalif cəbhə referendum ərəfəsində ölkənin bütün rayonlarında əhali arasında “Konstitusiya dəyişikliyinə - yox” təbliğatı aparacaq.

Cəbhə fəalları deyir ki, hakimiyyətin ölkənin əsas qanununu dəyişməkdə yeganə məqsədi Serj Sarkisyanın başçılıq etdiyi “mövcud rejimin” hakimiyyət başında qalmasını uzatmaqdır.

“Yox!” cəbhənin lideri Levon Zurabyab əhalini “mövcud hakimiyyət üzərində yeganə qələbə yolu olan” səfərbərliyə çağırır
Şəklin alt yazısı, “Yox!” cəbhənin lideri Levon Zurabyab əhalini “mövcud hakimiyyət üzərində yeganə qələbə yolu olan” səfərbərliyə çağırır

Serj Sarkisyanın ikinci və hazırkı Konstitusiya üzrə son prezidentlik müddəti 2018-ci ildə başa çatır, odur ki, müxalifət hesab edir ki, yeni Konstitusiya layihəsi üzrə ölkədə yarımprezidentlik idarəetmə sisteminin parlament idarəetmə sisteminə dəyişməsi prezident Sarkisyana başqa qisimdə hakimiyyət başında qalmağa imkan verər.

Mitinqdə Konstitusiya referendumuna qarşı mübarizədə “Yeni Ermənistan” blokunda birləşmiş Jaranqutyun (İrs) Partiyası və Qarabağ müharibəsi veteranı, keçmiş Livan vətəndaşı Jirayr Sefilyanın rəhbərlik etdiyi “Müəssislər məclisi” nümayəndələri də iştirak edirdi.

“Yox!” cəbhəsinin lideri Levon Zurabyab əhalini “mövcud hakimiyyət üzərində yeganə qələbə yolu olan” səfərbərliyə çağırdı və növbəti mitinqin noyabrın 20-də keçiriləcəyini elan etdi.

Azadlıq meydanı ətrafında cəmləşmiş polis mitinqin gedişini kənardan izləyirdi.