Ermənistan: Konstitusiya referendumu qərargahına baş nazir rəhbərlik edəcək

Baş nazir Abrahamyan təbliğat kampaniyası təşkilində böyük təcrübəyə malikdir.
Şəklin alt yazısı, Baş nazir Abrahamyan təbliğat kampaniyası təşkilində böyük təcrübəyə malikdir.

Hakim Ermənistan Respublikaçılar Partiyasının 6 dekabrda keçiriləcək Konstitusiya layihəsi üzrə referendumun təşviqat kampaniyasına Ermənistan baş naziri Hovik Abrahamyan rəhbərlik edəcək.

Prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası (ERP) idarə heyətinin qərarı ilə Hovik Abrahamyan Konstitusiya layihəsi lehinə təşviqat qərargahının sədri təyin olunub.

Təşviqat kampaniyası müddətində Abrahamyan məzuniyyətə çıxmayacaq, baş nazir vəzifəsini icra etməkdə davam edəcək. Bu, qanunvericiliyə zidd deyil, ERP idarə heyətinin iclasından sonra partiyanın mətbuat katibi, Ermənistan Milli Məclisi sədrinin müavini Eduard Şarmazanov jurnalistlərə deyib.

Abrahamyan təşviqat kampaniyasına rəhbərlik etməkdə böyük təcrübəyə malikdir. O, 2008 və 2013-cü il prezident seçki kampaniyaları zamanı Serj Sarkisyanın seçki qərargahına başçılıq edib, 2012-ci il parlament seçkiləri zamanı isə Serj Sarkisyanın rəhbərlik etdiyi ERP seçki qərargahının rəisi olub.

İqtidar mövqeyini dəstəkləyən qüvvələr

Firavan Ermənistan Partiyasının hazırkı lideri Naira Zohrabyan bir neçə ay bundan əvvəl konstitusiya dəyişikliyi əleyhinə çıxış edirdi.
Şəklin alt yazısı, Firavan Ermənistan Partiyasının hazırkı lideri Naira Zohrabyan bir neçə ay bundan əvvəl konstitusiya dəyişikliyi əleyhinə çıxış edirdi.

Hakim partiya kimi Konstitusiya dəyişikliyi lehinə çıxış edən Ermənistan parlamentinin sayca ikinci Firavan Ermənistan Partiyası (FER) və Daşnaksutyun Erməni İnqilabi Federasiyası ayrıca təbliğat kampaniyasını aparmaq niyyətindədirlər.

Hələ ilin əvvəlində Ermənistanın ən varlı sahibkarlarından biri Qaqik Tsarukyanın rəhbərliyi altında Firavan Ermənistan Partiyası “Serj Sarkisyanın konstitusiya islahatına” qarşı 60 minlik mitinq toplayırdı.

Hakimiyyət orqanları tərəfindən güclü təzyiqlər nəticəsində Tsarukyanın partiya başçısı vəzifəsini tərk etməsindən sonra FEP öz siyasi kursunu 180 dərəcə dəyişib.

FEP yaxın günlərdə qərargah rəhbəri məsələsini həll etməyə hazırlaşır, Daşnaksutyun qərargahının işini isə partiyanın Ali Orqanı əlaqələndirəcək.

Daşnaksutyun 5 təşviqat qruplarını yaradıb və noyabrın 1-dən bölgələrdə təbliğat kampaniyasına başlayacaq.

“Yox!” düşərgəsi

Bir sıra siyasi və ictimai təşkilat konstitusiya dəyişikliyi əleyhinə "Yox!" və "Keçməyəcək!" ictimai hərəkatı ilə birgə təbliğata qatılıb.
Şəklin alt yazısı, Bir sıra siyasi və ictimai təşkilat konstitusiya dəyişikliyi əleyhinə "Yox!" və "Keçməyəcək!" ictimai hərəkatı ilə birgə təbliğata qatılıb.

Hələlik Konstitusiya dəyişikliyinə “yox” deməyə təbliğ edən qüvvələrdən Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyaları müştərək qərargah yaradıblar. Qərargaha EMK parlament fraksiyasının rəhbəri Levon Zurabyan rəhbərlik edəcək.

Müxalif Jaranqutyun (İrs) Partiyası “Yox!” və “Keçməyəcək!” ictimai hərəkatlarla birlikdə və öz üzvləri qüvvəsilə Konstitusiya dəyişikliyi əleyhinə kampaniyada iştirak edəcək.

Bazar ertəsi daha bir ictimai-siyasi birlik – “Erməni dirçəlişi” – Konstitusiya dəyişikliyi əleyhinə kampaniyaya qatıldığını elan edib.

Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Artur Bağdasaryanın rəhbərlik etdiyi Qanunçuluq Ölkəsi Partiyası əsasında yaradılmış Erməni Dirçəlişi birliyi “təmsil olunduğu 140 təşkilatlarla birlikdə” öz təşviqat qərargahını yaradacaq, birliyin bəyanatında deyilir.

“Yeni təzyiq mexanizmi”

Ermənistan Prokurorluğu kütləvi aksiyalarda xüsusi fəallıqla seçilən gənclərə qarşı ləğv edilmiş cinayət işlərini yenidən gündəmə gətirib.
Şəklin alt yazısı, Ermənistan Prokurorluğu kütləvi aksiyalarda xüsusi fəallıqla seçilən gənclərə qarşı ləğv edilmiş cinayət işlərini yenidən gündəmə gətirib.

Bu arada Ermənistan Baş Prokurorluğu elektrik enerjisi tariflərinin artırılması ilə bağlı etiraz aksiya iştirakçılarına qarşı iyunun 22-də qaldırılmış cinayət işinin yenidən bərpa olunduğunu bəyan edib.

İyunda Marşal Bağramyan prospektində polis qüvvələri tərəfindən aksiya qağıdılmış, 237 nümayişçi tutulub polis şöbələrinə aparılmış və onlara qarşı <link type="page"><caption> cinayət işləri qaldırılmışdı</caption><url href="http://www.bbc.com/azeri/region/2015/06/150624_yerevan_electricity_tariffs_protest.shtml" platform="highweb"/></link>.

Sabahısı gün on minlərlə insan həbs olunan nümayişçiləri buraxmaq tələbi ilə yenidən Bağramyan prospektini bağladılar.

Ermənistan İstintaq Komitəsi həbs olunanların hamısını sərbəst buraxmaq qərarını qəbul etdi və cinayət işlərinin ləğv edildiyini bəyan etmişdi.

Bazar ertəsi Ermənistan Baş Prokurorluğu bəyan edib ki, “xuliqanlıq maddəsi üzrə cinayət işlərinin dayandırılması haqqında qərar işə nəzarət edən prokuror tərəfindən ləğv edilib”.

Aksiya iştirakçıları prokurorluğun bu qərarını konstitusiya dəyişikliyi əleyhinə çıxış edənlərə qarşı daha bir təzyiq imkanı hesab edirlər.

Özü də aksiyalar zamanı polis tərəfindən dəfələrlə saxlanılmış təhlilçi Arqişti Kiviryan hesab edir ki, prokurorluğa Konstitusiya layihəsi əleyhinə nümayiş iştirakçılarının sayını azaltmaq tapşırığı verilib. “Onlar daha fəal gəncləri təzyiq altında saxlayaraq, onları asılı vəziyyətdə saxlamağa çalışırlar”, - Kiviryan Facebook səhifəsində qeyd edib.