Ermənistan: konstitusiya referendumunun günü məlum olub

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin idarəetmə sistemini dəyişəcək Konstitusiya layihəsi üzrə referendumun 2015-ci il 6 dekabrda keçirilməsi barədə fərman imzalayıb.

Beləliklə, cəmiyyətdə qızğın mübahisələrə səbəb olan konstitusiya islahatının təbliğat kampaniyasına start verilir.

Prezident Serj Sarkisyanın və onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının təşəbbüsü ilə prezident nəzdində xüsusi ixtisaslaşdırılmış komissiya tərəfindən hazırlanmış Konstitusiya dəyişikliyi layihəsi Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyası tərəfindən bəyənilib və parlamentin payız sessiyasında müzakirəyə qoyulub.

Oktyabrın 5-də Ermənistan parlamenti 104 – lehinə, 10 - əleyhinə, 3- bitərəf səslə sənədin ümumxalq referenduma təqdim edilməsi qərarı qəbul edib.

Layihəni hakim Respublikaçılar, Daşnaksutyun və Firavan Ermənistan fraksiyaları dəstəkləyib.

Bu arada isə, Konstitusiya dəyişikliyinə qarşı birləşmiş qüvvələr rayon və şəhərlərdə əks-təbliğat kampaniyasına başladıqlarını bəyan ediblər.

Səsvermə

Elinar Vardanyan deyir ki, bu gün ilk növbədə ölkənin  üzləşdiyi problemləri həll etmək lazımdır, bu gün "konstitusiya islahatına ictimai tələbat yoxdur”
Şəklin alt yazısı, Elinar Vardanyan deyir ki, bu gün ilk növbədə ölkənin üzləşdiyi problemləri həll etmək lazımdır, bu gün "konstitusiya islahatına ictimai tələbat yoxdur”

Layihənin əleyhinə səs vermiş İrs və Erməni Milli Konqresi fraksiyalarının hərəsindən 1 üzvü konstitusiya dəyişikliyinin lehinə səs verib. Konstitusiya islahatını dəstəkləyən Qanunçuluq Ölkəsi fraksiyasının 2 üzvü və Firavan Ermənistan fraksiyalarının 2 üzvü isə əleyhinə səs veriblər.

Müşahidəçilərə görə, hələ fevral ayında İrs və Erməni Milli Konqresi ilə <link type="page"><caption> “üçlük” təşkil edən və 60 minlik mitinqdə</caption><url href="http://www.bbc.com/azeri/region/2015/02/150217_armenia_opposition_strikes.shtml" platform="highweb"/></link> “Serj Sarkisyanın konstitusiya islahatına” qarşı mübarizəyə çağıran və onun “ölkə üçün ən böyük bəla” olduğunu bəyan edən Firavan Ermənistan Partiyası (FEP) bu gün konstitusiya islahatı əleyhinə səs verən millət vəkilləri Elinar Vardanyanı və Stepan Marqaryanı təqib edir.

Hakimiyyət tərəfindən güclü təzyiqlərə məruz qaldığını deyən, Ermənistanın ən varlı biznesmenlərindən biri Qaqik Tsarukyan FEP sədri vəzifəsini tərk etdikdən sonra parlamentdə sayca ikinci olan bu partiyanın sədri vəzifəsini tutan xanım Naira Zohrabyan həmkarlarının “düzgün səs vermədiklərinə görə” təqib olunmadıqlarını deyir.

Lakin Naira Zorabyanın qərarı ilə Elinar Vardanyan və Stepan Marqaryan beynəlxalq təşkilatlarda təmsil olunan parlament nümayəndəliklərindən kənarlaşdırılıblar.

Elinar Vardanyan onun həmpartiyalıları ilə yeganə fikir ayrılığı konstitusiya dəyişikliyi məsələsində olduğunu bildirir.

“Mən hesab edirəm ki, bu gün ölkənin üzləşdiyi sosial, iqtisadi və başqa problemləri konstitusiya ilə bağlı deyil. İlk növbədə bu problemləri həll etmək lazımdır. Və bu gün konstitusiya islahatına ictimai tələbat yoxdur”, - Elinar Vardanyan deyir.

Venesiya Komissiyası bəyənir

Venesiya Komissiyasının sədri Gianni Buquicchio konstitusiya islahatını demokratiyanın inkişafı istiqamətində irəliləyiş adlandırıb
Şəklin alt yazısı, Venesiya Komissiyasının sədri Gianni Buquicchio konstitusiya islahatını demokratiyanın inkişafı istiqamətində irəliləyiş adlandırıb

Bu arada Yerevanda Ermənistan prezidenti ilə görüşən “Hüquq vasitəsilə demokratiya uğrunda” Avropa Komissiyasının (Venesiya Komissiyası) sədri Gianni Buquicchio Ermənistan Konstitusiya layihəsi üzrə referendumun “demokratiyanın inkişafı yolunda böyük addım” olacağına ümid etdiyini bildirib.

Cənab Buquicchio Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi beynəlxalq forumda iştirak edir.

O, Ermənistanda konstitusiya islahatının Venesiya Komissiyası tərəfindən yüksək qiymətləndirildiyini bildirib, prezident Sarkisyanın mətbuat xidmətinin məlumatında deyilir.

“Mənim yaxşı yadımdadır ki, 2004-cü ildə Ermənistanda bir çox siyasi, xüsusilə müxalif, partiyalar parlament idarəetmə sistemi lehinə çıxış edirdilər. O zaman bu mümkün deyildi. Parlament sisteminə keçmək – bütün Avropada müşahidə olunan tendensiyadır”, - Avropa rəsmisi deyib.

“Küçə mübarizəsi”

Konstitusiya dəyişikliyinə qarşı birləşmiş qüvvələr rayon və şəhərlərdə ərs-təbliğat kampaniyasına başlayır
Şəklin alt yazısı, Konstitusiya dəyişikliyinə qarşı birləşmiş qüvvələr rayon və şəhərlərdə ərs-təbliğat kampaniyasına başlayır

Konstitusiya islahatına qarşı “Yox!” və “Keçməyəcək!” hərəkatlarında birləşmiş onlarla müxalif partiya və ictimai təşkilat referendumda istədiyi nəticəni əldə etmək üçün təbliğat kampaniyasına başlayır.

Gələn həftədən hərəkat fəalları Ermənistanın rayonlarında əhali ilə görüşlər keçirməyə başlayacaq. Oktyabrın 30-da isə Yerevanda “Konstitusiya layihəsinə yox” şüarı altında mitinq keçiriləcək.

“Keçməyəcək!” hərəkatının fəalı Armen Qriqoryan əmindir ki, konstitusiya referendumunu yalnız “küçə mübarizəsi” ilə devirmək mümkündür.

Daşnaksutyun Partiyasından başqa, Konstitusiya dəyişikliyini dəstəkləyən siyasi partiyalar hakim Respublikaçılar Partiyası ilə birgə təbliğat kampaniyasına qatılacaqlar, daşnaklar eyni məqsədlə ayrıca öz kampaniyasını keçirəcək.