Münaqişə
məsələləri üzrə ekspert Əvəz Həsənova görə, Moskvada tərtib olunan sənəddə
Azərbaycan tərəfi istədiyi çox şeyə nail olub.
BBC Azərbaycancaya açıqlamasında konfliktoloq deyib ki, həm Ermənistan, həm Azərbaycan tərəfi
çalışır ki, bu sənədi öz cəmiyyətləri üçün izah edərkən müsbət tərəflərini
göstərsinlər.
“Azərbaycan
tərəfi bu atəşkəsi humanitar atəşkəs hesab edir və heç də geri çəkilmək, sakit
dayanmaq, qazandığı mövqeləri zəiflətmək fikrində deyil. Azərbaycan burada
hücum edən tərəf idi və onun dronlardan istifadə etməklə əldə etdiyi
üstünlüklər göz qabağındadır,” - Əvəz Həsənov bildirib.
Konfliktoloq hesab edir ki, Azərbaycan üstün mövqeyini
ciddi bir vəd almadan, Rusiyanın iştirakı ilə bir qarantiya olmadan bu
qarşıdurmanı üzun müddətli atəşkəslə əvəzləmək istəmir.
“Ermənistan tərəfi indiyə kimi danışıqlardan qaçırdı.
Substantiv danışıqlardan yayınırdı və deyirdi ki, biz danışıqlar tərəfi
deyilik, danışıqları Qarabağla aparın. Onlar “Qarabağ Ermənistandır” deyib
danışıqların nəticəsində formalaşmış baza prinsiplərini, Madrid prinsipləri
əsasında formalaşmış razılaşmanı inkar etmişdi. Amma Moskva görüşündə məlum
oldu ki, Ermənistan tərəfinin elan etdiyi və onların Baş nazirinin dediyi
prinsiplər hamısı geridə qaldı. Faktiki olaraq tərəflər sıfır nöqtəsinə
qayıtdılar,” – o bildirib.
Onun fikrincə, indiki “sıfır nöqtəsi torpaqların
işğaldan azad olunması ilə bağlı konkret qrafikin müəyyən olunması ilə
sürətlənə biləcək bir nöqtədir”.
Əvəz Həsənov deyib ki, bu nöqtədə əvvəlki kimi yerində
saymaq olmayacaq.
“ATƏT-in Minsk qrupu da artıq torpaqların işğaldan azad
olunması qrafikini Ermənistan tərəfindən istəyəcək, əks halda Azərbaycan tərəfi
hücum əməliyyatını davavm etdirə bilər. Azərbaycan bu prosesdə çox qətiyyətli
görsənir,” - Əvəz Həsənov BBC News Azərbaycancaya deyib.
Konfliktoloqa görə, Ermənistan yeni yaranmış vəziyyəti
dərk etməlidir.
“Ermənistan 10 gün ərzində nəzarətdə saxladığı 20 faiz
ərazinin demək olar, 5 faizindən çoxunu itirdi. Bu müddətdə bəlli oldu ki, Azərbaycan
silahları müasirdir və onların hərbi bazalarını hədəfə alır və bu, çox böyük
faktordur,” - Əvəz Həsənov əlavə edib.