Əliyev-Sarkisyan görüşündən nə gözləməli?

Şəklin mənbəyi, president.am
Vyanada baş tutması gözlənilən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşdə hər hansı bir razılaşmanın olacağı ehtimal edilmir, təhlilçilər deyir.
Rusiyanın İnterfax agentliyinin yazdığına görə, hər iki ölkə prezidenti bazar ertəsi Avstriyanın paytaxtı Vyanada görüşəcək. Görüşdə Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin də iştirak edəcəyi bildirilir.
Görüş bu ilin aprel ayının əvvəllərində 100-dən çox insanın həlak olması ilə nəticələnmiş dörd günlük qızğın döyüşlərdən sonraya təsadüf edir.
Daha öncə erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların yenidən başlanmasını qeyri-mümkün saydığını bildirmişdi.
Rəsmi Yerevan bunun üçün “3 önəmli şərtin” yerinə yetirilməli olduğunu <link type="page"><caption> bildirib.</caption><url href="http://www.bbc.com/azeri/region/2016/04/160429_karabakh_conflict_resolution" platform="highweb"/></link>
Formal görüş
Hakim partiyanın mətbuat katibi və Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov jurnalistlərə bildirmişdi ki, ilk növbədə etimad yaratmaq tədbirləri və sərhəd insidentlərinin araşdırılması mexanizmləri tətbiq edilməli, sonra dünya birliyi tərəfindən münaqişə bölgəsində vəziyyətə dair ünvanlı bəyanatlar verilməsi təmin olunmalı və Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı yeni təcavüz və təxribatlar törətməyəcəyinə dair qarantiyalar verməlidir.
BBC Azərbaycancaya danışan azərbaycanlı siyasi şərhçilər bu görüşü "formal" adlandıraraq, hər hansı irəliləyiş olmayacağını bildiriblər.
Politoloq Zərdüşt Əlizadə prezidentlərin görüşündən hər hansı nəticə gözləmədiyini deyir.
"Xarici qüvvələrin təsirini, ölkələrdəki əhalinin rəyini və ovqatını bildiyimdən, əminəm ki, bu danışıqlarda heç bir irəliləriş və ya dəyişiklik əldə edilməyəcək", o bildirib.
Cənab Əlizadə deyir ki, əgər prezidentlər həqiqətən də hansısa müsbət irəliləyiş istəyirlərsə, hər iki ölkənin yeritdiyi informasiya siyasəti dəyişməlidir.
"Bunun əvəzində hər iki ölkədə qarşılıqlı nifrət kampaniyasını görürük. Bundan çıxan nəticə odur ki, prezidentlər güzəştli sülhə hazır deyillər", politoloq bildirir.
Zərdüşt Əlizadə görüşdə hər hansı bir razılaşma əldə ediləcəyinə " kiçik şans belə yoxdur" deyir.
"Formal görüşdür. Nə Ermənistan torpaq qaytaracaq, nə də ki Azərbaycan yeni təşəbbüs irəli sürəcək, yaxud da Qarabağın gələcək modeli haqqında yeni bir söz deyəcək ", politoloq əlavə edir.
O, aprelin əvvəllərində baş tutan döyüşlərin hər iki tərəfdən "çox əsatirləşdiyini" də qeyd edərək, "Moskva bir daha göstərdi ki, hər iki ölkəni tam özündən asılı vəziyyətdə saxlayır" deyə bildirir.
Zərdüşt Əlizadə bildirir ki, hər iki ölkə arasındakı sülh razılşamasını əldə etmək ciddi maliyyə tələb etmir.
"Qarşı tərəflər bir-birinə hörmət sərgiləməlidir. Azərbaycan rəsmi televiziyası və qəzetləri erməni xalqını söyməyi bitirməlidir. Erməni işğalçılarına söyə bilərlər, amma gərək xalqı söyməsinlər. Açıq desinlər ki, biz azad və dinc xalq ilə xaricdəki ağalara xidmət edən erməni siyasətçilərini fərqləndiririk".
Aland adalarına bənzər status
Politoloq təklif edir ki, Qarabağ və Ermənistandakı həmkarlarla bu məsələləri müzakirə etmək üçün Azərbaycan qeyri-hökumət təşkilatlarına imkan yaradılmalıdır.
"Azərbaycanlı diplomatlar mücərrəd Madrid prinsiplərindən, yaxud hərbdən yox, sülhdən, xalqların birgə yaşayış imkanlarından danışmalıdır", cənab Əlizadə deyir.
"Madrid prinsipləri böyük qüvvələrə sadəcə bölgəni nəzarətdə saxlayıb idarə etmək üçün lazım olan uydurma prinsiplərdir. Orda beynəlxalq hüquqa uyğun heç nə yoxdur", o izah edir.
O, həmçinin qeyd edir ki, razılığa gəlmək məqsədilə Türkiyə və Ermənistən sərhədlərinin açılmasına da imkan yaradılmalıdır, çünki bu Türkiyənin təsirini Ermənistanda gücləndirəcək və hər 3 ölkənin münasibətlərini yaxşılaşdıracaq.
Politoloq Dağlıq Qarabağa Aland Adaları kimi güclü status verməyin mümkünlüyündən danışır.
"Oranı azad iqtisadi zona etmək də olar. Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalı, Azərbaycan isə erməni xalqının dini, mədəni məsələlərini müstəqil idarə edilməsinə razı olmalıdır", deyir cənab Əlizadə.
Aland Adaları qlobal səviyyədə yeganə hərbsizləşdirilmiş və neytrallaşdırılmış muxtar regiondur. 1921-ci ildə Millətlər Liqası adaların Finlandiyanın tərkibində olmasına qərar verib. Adalarda 25 mindən çox insan yaşayır.
Zərdüşt Əlizadənin sözlərinə görə, sülhün qazanılması üçün belə addımların atıldığını müşahidə etmir, əksinə hər iki tərəfdə dirəniş, düşmənçilik, silahlı münaqişələr var. Bu səbəbdən o, hökumətlərin Qarabağ problemini dinc yolla həll etməyə hazır olduğuna inamadığını qeyd edir.
Danışıqlarda ölü nöqtə
Siyasi təhlilçi Azər Rəşidoğlu deyir ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Ermənistanın gerçək münaqişə tərəfləri olmadığına görə "bu tip görüşlərdən heç nə gözləmir".
Faktiki olaraq Azərbaycan münaqişədə "Rusiya ilə savaşır", cənab Rəşidoğlu iddia edir.
Bu iddia ilə razılaşmayanların fikrincə isə, Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır və münaqişə tərəflərindən heç birinə xüsusi dəstək vermir.
Onun sözlərinə görə, hazırda müzakirə edilən razılaşma yenilənmiş Madrid prinsipləridir.
"Bu prinsiplərə əsasən, 5 üstəgəl 2 rayonun qaytarılması, qaçqınların öz yerlərinə qayıtması, Dağlıq Qarabağa aralıq statusunun verilməsi və sonra statusunun müəyyən edilməsilə bağlı referendumun keçirilməsi nəzərdə tutulub. Amma bu son prinsip Azərbaycan konstitusiyasına ziddir", o deyir.
Cənab Rəşidoğlu bildirir ki, Azərbaycan konstitusiyasına görə, yalnız Qarabağda səsvermə keçirilə bilməz. Səsvermə bütün Azərbaycanda keçirilməlidir. Bu zaman təbii ki, Azərbaycan əhalisi və Dağlıq Qarabağda yaşayan azərbaycan vətəndaşı olan ermənilərin mövqeləri üst-üstə düşməyəcək.
"Görünməyən tərəflərdən biri Rusiyanın irəli sürdüyü 5 rayonun qaytarılmasından sonra Azərbaycan- Ermənistan sərhədlərinin açılması tələbidir. Amma sərhədlər açılsa, bu Türkiyənin etirazına səbəb olacaq və Bakı geosiyuasi oyunda təklənəcək. Bakının belə bir atacağını güman etmirəm", o qeyd edir.
Kompromis "olmayacaq"
Siyasi təhlilçi onu da əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya öz daxili iqtisadi çöküşünü xilas üçün xarici amillərdən istifadə etməyənə qədər mümkünsüzdür.
"Danışıqlar prosesi dalana dirənib, ölü nöqtədədir. Bu prosesinin yenidən tərpənməsi təqdirəlayiqdir, amma razılaşma olacağını mümkün hesab etmirəm", o qeyd edir.
Cənab Rəşidoğlunun sözlərinə görə, münaqişə tərəfləri hər hansı kompromisə razı olsaydı, artıq ictimai rəyin buna hazırlanması prosesi başlayardı.
O, həmçinin deyir ki, Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya tərəfindən "küncə sıxılması" məhz onun Qərb dairələrilə yaxınlaşması siyasətinin nəticəsidir. Buna görə də, onun hansısa bir kompromisə getməsi siyasi baxımdan iflası ilə nəticələnər.
Siyasi təhlilçi bildirir ki, görüş baş tutarsa, görüşdən sonra tərəflər öz mövqelərində qaldığını bildirəcək və növbəti kəskin bəyanatlar olacaq. Vasitəçilər də tərəflər arasında ilkin razılaşma olduğunu və hər iki tərəfin savaş variantına razı olmadığını deyəcək. Sonda isə münaqişə dondurulmuş şəkildə qalacaq.




