Yerevan: Qarabağ üzrə danışıqlara başlamaq üçün 3 şərt yerinə yetirilməlidir

Hakim partiyanın mövqeyini partiyanın mətbuat katibi Eduard Şarmazanov açıqlayıb
Şəklin alt yazısı, Hakim partiyanın mövqeyini partiyanın mətbuat katibi Eduard Şarmazanov açıqlayıb

Erməni tərəfi hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların yenidən başlanmasını qeyri-mümkün sayır. Rəsmi Yerevan hesab edir ki, bunun üçün “3 önəmli şərt” yerinə yetirilməlidir.

“İlk növbədə etimad yaratmaq tədbirləri və sərhəd insidentlərinin araşdırılması mexanizmləri tətbiq edilməli, ikinci addım - dünya birliyi tərəfindən münaqişə bölgəsində vəziyyətə dair ünvanlı bəyanatlar verməsi təmin olunmalı və üç nömrəli addım – Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı yeni aqressiya və təxribatlar törətməyəcəyinə dair qarantiyalar”, - aprelin 28-i axşamı hakim Respublikaçılar Partiyası idarə heyətinin növbəti iclasından sonra partiyanın mətbuat katibi, Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov jurnalistlərə deyib.

Prezident Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası (ERP) idarə heyətinin mövqeyini səsləndirən Eduard Şarmazanovun sözlərinə görə, hazırda hərbi əməliyyatlar getdiyi, atışmalar davam etdiyi bir vaxtda danışıqların başlanmasından danışmaq tezdir.

“Azərbaycan Ermənistan və Dağlıq Qarabağla 1994-cü ildə imzaladığı atəşkəs haqqında razılaşmanı və bu yaxınlarda Moskvada əldə edilən şifahi razılaşmanın şərtlərini pozduğu bir vaxtda, təbii ki, danışıqların yenidən başlanmasından danışmaq tezdir”, - o deyib.

Hakim ERP təmsilçisi bəyan edib ki, Məsələ “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun gerçəkləşdirilməsi şəraitində baş tutmalıdır və rəsmi Stepanakert iştirak etmədən problemin tam həlli mümkün deyil”.

“Bizim məqsədimiz Dağlıq Qarabağ Respublikasının beynəlxalq səviyyədə tanınmasıdır... Başqa yol yoxdur. Gec-tez bu baş tutmalıdır”, - ERP mətbuat katibi deyib.

Daha əvvəl Bloomberg agentliyinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan da bəyan etmişdi ki, təhlükəsizlik qarantiyaları [Dağlıq Qarabağ üçün] olmayan şəraitdə Azərbaycanla danışıqlar masası arxasına qayıtmaq “ağılsızlıq olardı”.

“Biz danışıqlar apardığımız bir vaxtda hərbçilər döyüş əməliyyatları apararaq münaqişəni həll etməyə cəhd edə bilər. Harada belə şey görmüşünüz?” – Sarkisyan deyib.