Cəbhə xətti: AŞPA prezidenti tərəfləri sülhə çağırıb

Şəklin mənbəyi, AFP
AŞPA Prezidenti Pedro Agramunt bəyənat yayaraq, Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatlıq ifadə edib.
Cənab Agramunt hər iki tərəfi atəşkəsə riayət etməyə və Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıb.
Bundan başqa, AŞPA prezidenti "BMT-nin qətnamələrinə əsasən Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasına" çağırış edib.
Azərbaycan və Ermənistan tərəfi qoşunların təmas xəttində gərginliyin davam etdiyini bildiriblər.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, aprelin 4-də Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq Ermənistan mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.
Ermənistan informasiya vasitələri tanınmamış "DQR Müdafiə Nazirliyinin" mətbuat xidmətinin rəsmi məlumatına istinadən xəbər verirlər ki, aprelin 4-nə keçən gecə “rəqib Qarabağ-Azərbaycan qoşunlarının qarşıdurma xətti boyunca minaatan və toplardan Qarabağ müdafiə ordusunun ön mövqeləri və ətraf erməni yaşayış məntəqələrini atəşə tutmaqda davam edib”.
Məlumata görə, səhər yerli vaxtla saat 7:00 radələrində top atəşləri təmas xəttinin cənub-şərq və şimal-şərq istiqamətlərində daha da şiddətlənib.
Azərbaycan ordusunun 152 millimetrlik toplardan, “Qrad” qurğuları və tanklardan istifadə etdiyi bildirilir.
Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb.
Martın 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.
Bazar günü Azərbaycanın Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı bildirib ki, hazırda cəbhənin Tərtər-Ağdərə və Füzuli istiqamətlərində atəşkəs pozulur.
Tanınmamış "Dağlıq Qarabağın müdafiə ordusunun" sözçüsü bildirib ki, Ağdərə istiqamətində "şiddətli döyüşlər gedir".
Hər iki tərəf vəziyyətə nəzarət etdiyini və bir-birinin pilotsuz uçan aparatını vurduqlarını bəyan edib.
Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik Azərbaycan bölmələrinin nəzarətinə keçib. Goranboy rayonu və Naftalan şəhərindəki yüksəkliklər "erməni hərbçilərindən tam təmizlənib", Azərbaycanın Müdafiə Nazirliyi bildirib.
Nazir Zakir Həsənov bildirib ki, Talış kəndi, Seysulan və Horadiz istiqamətindəki təpələr döyüş əməliyyatı ilə ələ keçirilib.
Bundan sonra, Ermənistan mediası yazıb ki, Talış kəndi ətrafındakı strateji yüksəklik "yenidən alınıb".
Lakin Azərbaycanın Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusu Talış kəndi ətrafında strateji yüksəkliyə nəzarət edir və Ermənistan ordusunun həmin yüksəkliyi geri aldığı barədə məlumat həqiqətə uyğun deyil.
Azərbaycanın Müdafiə Nazirliyi bazar günü səhər bildirib ki, "beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi" olaraq qərara alaraq cəbhə xəttində cavab tədbirlərini birtərəfli qaydada dayandırır.
Ermənistan agentlikləri Azərbaycanın birtərəfli atəşkəs tətbiq etmək bəyanatı ilə bağlı “Qarabağ müdafiə ordusu”nun münasibətini açıqlayıblar.
“DQR müdafiə ordusu atəşkəs haqqında təklifi əvvəlki mövqelərin bərpa edilməsi kontekstində müzakirə edə bilər”, bəyanatda yazılıb.
Hər iki ölkənin rəsmi məlumatlarına əsasən, döyüşlərdə Azərbaycan tərəfi 12 əsgər və 2 dinc sakin itirib, 10 sakin yaralanıb; Ermənistan tərəfi isə 18 əsgər və bir dinc sakin itirib, 8 nəfərsə yaralanıb.
Tərəflər pilotsuz aparat "vurduğunu" deyir
Həm Azərbaycan, həm də Dağlıq Qarabağ “müdafiə ordusunun mətbuat xidməti” münaqişə zonasında dron vurduğunu açıqlayıb.
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Füzuli rayonu yaxınlığında Ermənistana məxsus "pilotsuz cihaz" vurulub, APA yazır.
Bazar günü axşam Dağlıq Qarabağ “müdafiə ordusunun mətbuat xidməti”nin saat 8-də olan məlumatına görə, "döyüş əməliyyatları nəticəsində təmas xəttinin şımal-şərq istiqamətində rəqib tərəfin daha 1 tankı, şimal istiqamətində MM-21 (Qrad) tipli artilleriya-raket qurğusu, 1 texniki maşın və 1 pilotsuz uçan aparat sıradan” çıxarıldığı bildirilir.
Səhər erməni tərəfi 1 tankını itirdiyini bildirmişdi. Bu gün səhər saat 6-dan davam etməkdə olduğu deyilən “şiddətli döyüşlərdə“ canlı qüvvə itkiləri haqqında hələ heç bir məlumat verilməyib.
Dağlıq Qarabağdan Ermənistan KİV nümayəndələri Azərbaycan tərəfindən atılan mərmilərin Ağdərə (Mardakert) şəhərində bəzi yaşayış binalarına tuş gəldiyini xəbər verirlər.
Atəşkəs
Azərbaycan bazar günü səhər bildirib ki, beynəlxalq qurumların "təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır".
Bundan başqa, nazirlik bəyan edib ki, Azərbaycan azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan MN-in hərbi əməliyyatları dayandırmaq haqqında bəyanatını “həqiqətə uyğun olmayan” adlandırıb.
Nazirliyin mətbuat katibi Artsrun Hovhannisyan isə öz Facebook səhifəsində yazıb ki, Azərbaycanın hərbi əməliyyatları dayandırmaq haqqında bəyanatına "inanmaq lazım deyil".
“Bu, tələdir, və heç də atəşi birtərəfli şəkildə dayandırmaq demək deyil.”
Tanınmamış "DQR" liderinin mətbuat katibi David Babayan Azərbaycan tərəfinin atəşi dayandırması haqqında bəyanatını "həqiqətə uyğun olmadığını" deyib.
“Onlar bunu bəyan ediblər, bəyanatla tanışıq. Lakin reallıq tamam başqadır. Bəyanatlara baxmayaraq, onlar faktiki döyüş əməliyyatlarını davam etdirirlər”, - Babayanın cavabını “Yerkramas” qəzeti iqtibas edir.
Babayanın sözlərinə görə, son 24 saat ərzində “onlar ən yüksək səviyyədə iki dəfə atəşi dayandırdıqları haqqında bəyanat veriblər, reallıq isə tam başqa olub”, - Babayan deyib.
Eyni zamanda "Dağlıq Qarabağ Müdafiə Nazirliyi”nin günorta saatlarınadək yaydığı məlumata görə, Azərbaycan tərəfi səhər “saat 6:00 radələrində top-raket vasitələri və zirehli texnikadan istifadə edərək yenidən Qarabağ mövqelərini atəşə tutmağa başlayıb.”
Ermənistan tərəfi qüvvələrin cavab tədbirləri gördüyünü və döyüş xəttinin şimal-şərq və cənub-şərq istiqamətlərində "daha da şiddətli toqquşmaların baş verdiyini" deyib.
Məlumatda Ermənistan qüvvələrinin “Talış istiqamətində rəqibə canlı qüvvə və hərbi texnika itkiləri” yetirdiyi bildirilir.
Məlumata görə, Azərbaycan qoşunlarının “bu istiqamətdə 3 tank itirdiyi haqqında məlumatın“ təsdiqləndiyi bildirilir.
“Ümumən, dünən və bu gün Azərbaycan ordusu 14 tank və 5-dən artıq başqa hərbi texnika, o cümlədən, piyada döyüş maşını itirib ”, - məlumatda deyilir.
“Qarabağ ordusu“nun 1 tank itirdiyi deyilir.
Atəşkəs elan edilməzdən öncə, Müdafiə Nazirliyi bildirmişdi ki, yaşayış məntəqələrinin atəşə tutulmasının dayandırılmayacağı təqdirdə cavab zərbələrinin endirilməsi barədə bölmələrə əmr verib, nazirliyin yaydığı məlumatda deyilir.
"Hazırda təmas xəttində vəziyyət gərgin və stabil olaraq qalır. Təmas xəttində yerləşən yaşayış məntəqələri və döyüş mövqelərinı endirilən zərbələr cavab atəşi ilə susdururlar", nazirliyin sözçüsü Vaqif Dərgahlı BBC Azərbaycancaya deyib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə şənbə günü Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair "razılıq əldə olunmasına baxmayaraq, Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir."
"Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib", məlumatda deyilir.
Bir sıra beynəlxalq təşkilatlar şənbə günü gecədən etibarən döyüşlərin başlamasından narahatlıq ifadə ediblər.
Avropa Parlamentinin prezidenti Martin Schulz "Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatam" deyə öz səhifəsində tvit atıb.
"Hər iki tərəfi ATƏT-in Minsk qrupunun himayəsi altında sülh prosesinə qayıtmağa çağırıram", o, tvitdə yazıb.




