İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev həbs edilib

Vilyam Hacıyev, imişli, bu gün

Şəklin mənbəyi, Imişli IH

Şəklin alt yazısı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Məlumatı Dövlət Təhlükəsizlik xidməti yayıb.

O vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarında ittiham edilir.

Vilyam Hacıyev mayın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Dövlət təhlükəsizlik Xidməti bildirir ki, Vilyam Hacıyevin "icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməsinə", "ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına", "vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə" əsaslı şübhələr müəyyən olunub.

Mayın 5-də sabiq icra başçısının xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

"Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür", DTX-nın məlumatında bildirilir.

Bundan başqa məlumatda "sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə rüşvət müqabilində qanunazidd verilməsinə" və "işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə" dair məlumatlar əldə edildiyi bildirilib.

Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib, DTX-nın məlumatında deyilir.

"Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilmişdir", DTX bildirir.

Vilyam Hacıyev kimdir?

Vilyam Hacıyev 10 avqust 1957 -ci ildə Xanlar (indiki Göygöl) şəhərində anadan olub.

1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib.

1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb.

1999-2002-ci illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

2002-2004-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini olub.

O, 2004-2006-cı illərdə Göygöl (keçmiş Xanlar), 2006-2012-ci illərdə Samux, 2012-ci ildən isə İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bu il neçə icra başçısı vəzifəsindən azad edilib?

2020-ci ildə azı 5 rayonun icra başçısı vəzifəsindən azad edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev fevralın 20-də vəzifəsindən azad edilib. Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyev və bir neçə digər vəzifəli şəxsi əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov martın 5-də vəzifəsindən azad edilib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov martın 9-da vəzifəsindən azad edilib. O, Milli Məclisinin VI çağırışının deputatı seçilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev mayın 6-da vəzifəsindən azad edilib.