Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı haqqında "həbs qətimkan tədbiri seçilib"

Mahir Quliyev

Şəklin mənbəyi, Bilesuvar-ih.gov.az

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev haqqında "həbs qətimkan tədbiri seçilib".

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumata görə, Mahir Quliyev "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "təkrar rüşvət alma", "mənimsəmə faktlarına görə" maddələri ilə ittiham olunur.

DTX-nın yaydığı videoda Mahir Quliyev "əməllərini" etiraf edərək, "bundan utandığını" bildirib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib. Onun vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyev sərəncam verib.

"Növbəti dəfə rüşvət almasından sonra"

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, "Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi" və "qurumun sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr" müəyyənləşdirilib.

Bundan başqa, "Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib", - DTX-nın yaydığı məlumatda bildirilir.

Qurum həmçinin "işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə etdiyini" də bəyan edib.

Eyni zamanda, DTX Mahir Quliyev tərəfindən "təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənilməsi" və "vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edildiyini" bildirir.

"Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb", DTX-nın məlumatında deyilir.

Biləsuvar İcra Hakimiyyəti

Şəklin mənbəyi, http://www.bilesuvar-ih.gov.az/

Mahir Quliyev kimdir?

Mahir Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.

O, "Naxçıvan" Universitetini bitirib.

1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə işləyib.

1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və bələdiyyə sədrinin müavini postunu tutub.

2006 - 2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2011-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2020-ci ildə azı 4 rayonun icra başçısı vəzifəsindən azad edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev fevralın 20-də vəzifəsindən azad edilib. Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyev və bir neçə digər vəzifəli şəxsi əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov martın 5-də vəzifəsindən azad edilib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov martın 9-da vəzifəsindən azad edilib. O, Milli Məclisinin VI çağırışının deputatı seçilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 30-da vəzifəsindən azad edilib.