DTX-da saxlanılan Ağstafanın icra başçısı vəzifəsindən çıxarıldı

DTX

Şəklin mənbəyi, DTX

Cümə günü Prezident İlham Əliyevin sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən azad edilib.

Cümə axşamı günü Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, Yevlax rayonun keçmiş icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıblar.

DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

DTX bildirir ki, toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin "müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb".

Dövlət Təhlükəsizliyi Xidməti Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kabinetində əməliyyat keçirib.

Şəklin mənbəyi, Dövlət Təhlükəsizliyi Xidməti

Şəklin alt yazısı, Dövlət Təhlükəsizliyi Xidməti Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kabinetində əməliyyat keçirib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb, DTX açıqlayıb.

Qurum iddia edir ki, Qoca Səmədov Yevlaxın icra başçısı olarkən dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyib. O cümlədən, işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqlarını "ələ keçirib".

Qoca Səmədov üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.

Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarovun və Qoca Səmədovun bu ittihamlara münasibəti bəlli deyil.

Ramiz Tatarov və Nizaməddin Quliyev. Onlar kənd qəbiristanlıqlarındakı mövcud vəziyyətlə tanış olurlar. 08 avqust 2019

Şəklin mənbəyi, Agstafa IH

Şəklin alt yazısı, Sağdan sola: Ramiz Tatarov və Nizaməddin Quliyev. Onlar kənd qəbiristanlıqlarındakı mövcud vəziyyətlə tanış olurlar. 08 avqust 2019

İndiki və keçmiş icra başçıları kimdir?

Nizaməddin Quliyev bundan əvvəl Goranboy İcra Hakimiyyətinin başçısı olub.

O, 2014-cü ildə "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev onu bu ilin aprelində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

Qoca Səmədov Yevlax rayon icra hakimiyyətinin başçısı olarkən Milli Mədbuat günündə yerli "Kür" qəzetinin kollektivini ziyarət edib. 22 iyul 2019

Şəklin mənbəyi, Yevlax IH

Şəklin alt yazısı, Qoca Səmədov Yevlax rayon icra hakimiyyətinin başçısı olarkən Milli Mədbuat günündə yerli "Kür" qəzetinin kollektivini ziyarət edib. 22 iyul 2019

Qoca Səmədov 2006-2011-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 2011-ci ildə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

O, bu ilin oktyabrında vəzifəsindən azad edilib.