Ermənistanın yeni konstitusiyası ilə bağlı dörd əsas məsələ

Tənqidçilərin bildirdiyinə görə, konstitusiyaya dəyişiklik hazırkı prezident Serj Sarkisyan və onun partiyasının hakimiyyətdə qalması üçün işlədilən fənddir

Şəklin mənbəyi, RIANOVOSTI

Şəklin alt yazısı, Tənqidçilərin bildirdiyinə görə, konstitusiyaya dəyişiklik hazırkı prezident Serj Sarkisyan və onun partiyasının hakimiyyətdə qalması üçün işlədilən fənddir

Ermənistan Respublikasının vətəndaşları dekabrın 6-da çox mühüm referendumda səs verəcəklər. Bu səsvermədə ölkənin gələcək quruluşunun parlament üsul-idarəsinə keçirilməsi məsələsi qoyulub.

Hakim partiya bu addımı daha geniş demokratiyaya aparacaq təşəbbüs kimi dəstəklədiyini bəyan edib. Lakin geniş çevrənin tənqidçiləri bildrirlər ki, konstitusiyaya dəyişiklik hazırkı prezident Serj Sarkisyan və onun partiyasının hakimiyyətdə qalması üçün işlədilən fənddir.

Yeni hakimiyyət strukturu

Ermənistan parlamenti ölkənin yeni konstitusiyasının müddəalarını təsbit edən qanun layihəsini aylarla davam edən siyasi debat və etirazlardan sonra, oktyabrın 5-də qəbul edib.

Konstitusiyadakı özək dəyişiklik hakimiyyət strukturuna aiddir. Əgər referendumda “Hə” cavabı alınsa, Milli Assambleya adlanan Ermənistan parlamenti hakimiyyətin ən güclü qolu olacaq.

Yeni parlament baş naziri təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olacaq, prezidentin seçilməsində əsas rolu oynayacaq.

Parlament həmçinin ədliyyə sisteminə nəzarət edəcək.

Hazırda birbaşa seçilən və hakimiyyəti baş nazirlə bölüşən prezidentlik yeni konstitusiyaya görə mərasim vəzifəsinə çevriləcək.

Yeni parlament yeni prezidenti 7 il müddətinə seçəcək. Hazırda prezidentlik müddəti beş ildir.

Yeni konstitusiyaya görə prezidentin bir çox səlahiyyətləri baş nazirə və onun kabinetinə veriləcək. Bura daxili və xarici siyasət məsələləri də aiddir.

Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq. Bu, Ermənistan üçün mühüm məqamdır, çünki ölkə qonşu Azərbaycanla müharibədədir.

Dinc vaxtlarda ordu hökumətə tabe olacaq, lakin fövqəladə vəziyyətlərdə ordudan istifadə icazəsi müdafiə nazirinin müraciəti ilə baş nazirdən alınacaq.

Baş nazir və nazir postları parlamentdəki çoxluğa malik siyasi partiyaya veriləcək.

Parlament sisteminin sınağı

Yeni konstitusiyaya görə 101 yerlik parlamentə millət vəkilləri partiya siyahıları əsasında seçilməlidirlər. Əgər birinci dövrədə heç bir partiya aşkar çoxluq əldə etməzsə, onda ikinci dövrə seçki keçiriləcək.

Əgər referendum baş tutarsa, Ermənistan San-Marinodan sonra bu sistemə keçmiş ikinci ölkə olacaq.

Tənqidçilər deyirlər ki, yeni sistem bir partiyanın hakimiyyətinə imkan yaratmaqla parlament respublikasının demokratik dəyərlərindən faydalanmaq imkanını aradan qaldıracaq. Onların fikrincə, ikinci dövrədə güclü partiyalar daha zəif partiyaları meydandan çıxaracaq.

“Böyük səhv?”

Müxalifət bildirir ki, yeni konstitusiya hazırkı prezident Serj Sarkisyanı ikinci və sonuncu müddəti başa çatdıqdan sonra da hakimiyyətdə saxlamaq məqsədilə tərtib olunub. Onun hazırkı prezidentlik müddəti 2018-ci ildə başa çatır.

Konstitusiya dəyişiklikləri qəbul edilərsə, Sarkisyan parlament spikeri və ya baş nazir qismində hakimiyyətini davam etdirə bilər.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan konstitusiyanın yekun layihəsini tənqid edib.

O, özünün internet saytında yazır ki, “konstitusiya islahatına ehtiyac yoxdur”. Koçaryan xəbərdarlıq edib ki, yeni konstutusiya ölkəni birpartiyalı sistemə qətirib çıxara bilər, bu isə öz növbəsində “siyasi monopoliya və durğunluqla nəticələnər”.

“Çox böyük səhvə yol verilir. Bu səhvin Ermənistanın gələcəyi üçün ağır nəticələri ola bilər” – yazır Robert Koçaryan.

Səkkiz həftəlik kampaniya

Referenduma iki ay qaldığı bir vaxtda müxalifət artıq konstitusiya islahatının əleyhinə bir neçə təşəbbüs planlaşdırıb. Bunlardan bəzilərinin adları artıq elan edilib: “Keçməyəcək”, “İctimai İxlas Cəbhəsi”, “Yox” Cəbhəsi və Yeni Erməni Cəbhəsi.

Lakin Ermənistanın gündəlik “Joğovurd” qəzeti yazır ki, Serj Sarkisyan indi daha çox “Hə” təşəbbüsü ətrafında birliyə nail olmalıdır, çünki əvvəldə özünün yeni konstitusiyaya qarşı mübarizəsində əzmkar görünən müxalifət “Yox” təşəbbüsü ətrafında birliyə nail ola bilməyib.

BBC Monitorinq yazısı