Türkiyə Baş naziri deyir ki, ölkəsi ermənilərin "ağrısını bölüşür"

Davudoğlu ermənilərə başsağlığı bildirib.
Şəklin alt yazısı, Davudoğlu ermənilərə başsağlığı bildirib.

Türkiyənin Baş naziri Ahmet Davutoğlu bir əsr bundan əvvəl, Osmanlı imperiyası dövründə əcdadları öldürülən ermənilərin "ağrı-acısını bölüşdüyünü" bildirib.

Ahmet Davutoğlu 1915-ci il hadisələrində ölən Osmanlı ermənilərinin övladları və nəvələrinə başsağlığı verib.

Baş nazir eləcə də İstanbulda ilk dəfə olaraq 24 aprel tarixi ildönümü ilə bağlı anım mərasiminin keçiriləcəyini deyib.

Eyni zamanda Türkiyə qətliamı soyqırım kimi tanımaqdan ardıcıl olaraq imtina edir.

Bu məsələ iki ölkə arasında münasibətlərdə acılığın yaranmasına səbəb olur.

Ernənistanın iddiasına görə, 1915-ci ildə qətliam və sürgün nəticəsində 1,5 milyon erməni ölüb.

Türkiyə həmin hadisələrin hər iki tərəfin qurbanlar verdiyi vətəndaş müharibəsi zamanı baş verdiyini vurğulayaraq, bu olayların soyqırım sözü ilə təsvir edilməsi cəhdlərini rədd edir.

Türkiyə hesab edir ki, o dövrdə ölənlərin çoxu I Dünya Müharibəsi gedişində öldürülüb və həmin illərdə türklər də qurbanlar verib.

Cənab Davutoğlu açıq şəkildə bildirib ki, Türkiyə soyqırım kimi təqdim edilməyə səy göstərilən cəhdlər qarşısında geri çəkilmək niyyətində deyil.

Argentina, Belçika, Kanada, Fransa, İtaliya, Rusiya və Uruqvay 1915-ci il hadisələrini rəsmi olaraq soyqırım adlandırır.

Soyqırım sözünün işlədilməsindən uzun müddətdir ki çəkinən Almaniya höküməti isə bazar ertəsi bildirib ki, parlamentdə qətlə yetirilmə hallarını soyqırım hadisəsi kimi elan edən qətnamənin qəbul olunmasını dəstəkləmək niyyətindədir.