Erdoğanın başsağlığından sonra ermənilərin hansı şansları var?

Şəklin mənbəyi, Reuters
- Müəllif, Firdevs Robinson
- Vəzifə, Siyasi bloqçu
Türkiyə baş naziri Recep Tayyib Erdoğanın Birinci Dünya Müharibəsində öldürülmüş ermənilərin nəvə-nəticələrinə verdiyi başsağlığı 1915-ci il hadisələrinin 99-cu ildönümünə təsadüf edib.
Osmanlı İmperiyasının son illərində ermənilərin kütləvi qətliamı ermənilər və bir neçə başqa ölkələr tərəfindən “soyqırım” kimi qiymətləndirilir, lakin Türkiyə belə qiymətləndirməni rədd edir.
1915-ci il hadisələrinin 100-cü ildönümünün yaxınlaşdığı və Türkiyə üzərinə beynəlxalq təzyiqlərin artdığı şəraitdə, bir müddət idi ki, Ankaradan yeni bir hərəkət olacağına gözləntilər vardı. Buna baxmayaraq, baş nazir Erdoğanın doqquz dildə açıqlanmış bəyanatının dili və tonu təəccüb doğurub.
Türkiyə ermənilərinin arxiyepiskiopu Aram Atesyan bildirib ki, bu, belə yüksək vəzifəli Türkiyə rəsmisindən ilk bu sayaq bəyanatdır.
Cənab Erdoğan 1915-ci il hadisələrini “qeyri-insani” adlandırıb, 24 aprelin dünyanın hər yerindəki ermənilər üçün mühümlüyünü tanıdığını bildirib, ağrı-acıların paylaşılmasından danışıb. “Bu ağrılı dövrü yalnız yaddaş perspektivindən qiymətləndirmək humanist və elmi baxımdan məsuliyyətli yanaşma olardı” – deyib Erdoğan.
Baş nazirin rəğbət və başsağlığı bildirməsi erməni diasporasındakı bəziləri tərəfindən “Türkiyənin soyqırım iddialarını inkar etməsinin yenidən qablaşdırılması” kimi rədd edilib, lakin bir başqaları bunu müsbət addım kimi qiymətləndiriblər.
Türkiyədə qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkin qardaşı Orhan Dink bəyanatı salamlayıb.
Tanınmış Türkiyə erməni jurnalisti və şərhçisi Yetvart Danzikyanın reaksiyası daha ehtiyatlı olub.
O 2015-ci ildə qeyd olunacaq 100 illikdən əvvəl hökumətin müəyyən diplomatik addımlar atmasını istəyir, lakin digər tərəfdən inanır ki, göstəriləcək təşəbbüslər daha az əhəmiyyətli olacaq.
O Türkiyədə türk və erməni dillərində çıxan AGOS qəzetində yazır: “…çünki cənab Erdoğanın Ədalət və İnkişaf Partiyası son dərəcə praqmatikdir. Nə qədər ki, onlar rəsmi cığırdan kənara çıxmayıblar, yalnız beləcə ara-sıra vaxtına hesablanmış təşəbbüslərdə bulunacaqlar. Onlar belə şeyləri əhəmiyyətli yeni addımlar kimi təqdim etməyi yaxşı bacarırlar”.
Yetvart Danzikyan bəyanatı əhəmiyyətli hesab etsə də, müxtəlif suallar qoyur. Bunların arasında bir məxsusi məqam onun diqqətini çəkir:
“Birinci Dünya Müharibəsində müxtəlif region və millətlərdən olan milyonlarla insan həyatını itirib. Birinci Dünya Müharibəsi zamanı köçkünlük kimi qeyri-insani nəticələrə səbəb olmuş hadisələrdən keçmələri türlklərin və ermənilərin bir-birləri ilə hüsn-rəğbət və insani münasibətlər qurmalarına mane olmamalıdır” – deyilir baş nazirin bəyanatında.
Danzikyana görə ermənilərin deportasiyasının sadəcə “qeyri-insani” adlandırılması kafi deyil. “Burada bunun üçün kimin məsuliyyət daşıdığı və onların bunu nə üçün etdikləri bildirlimir” – deyir Danzikyan. O həmçinin bildirir ki, “1915-ci ilin hadisələrinin elmi şəkildə araşdırılması üçün müştərək tarixi komissiyanın yaradılması” barədə təşəbbüsün təkrar səsləndirilməsi, Türkiyənin bu məsələdəki mövqeyinin reallıqda dəyişmədiyini göstərir.
Cənab Erdoğanın bəyanatına geniş paylaşılan baxış budur ki, bu, Türkiyə üçün onilliklərdir ciddi diplomatik problemlər yaradan ağrılı tarixi dövrün qiymətləndirilməsi istiqamətində əhəmiyyətli ilkin addımdır.
“Financial Times” qəzeti yazır ki, Türkiyənin Londondakı keçmiş səfiri Özdem Sanberk bu məsələdə aşırı nikbin olmaqdan çəkindirib. “Bu hər iki xalqın düşüncəsində son dərəcə çətin məsələdir, lakin burada irəliyə doğru yol mümkündür” – deyib keçmiş səfir. O əlavə edib ki, cənab Erdoğanın daha çox rəğbət ifadə etməyə və Ermənistana münasibətdə tonu dəyişdirməyə cəhd etməsi “tamamilə yeni yanaşma” hesab olunmalıdır.
Cənab Erdoğan ölkədəki və xaricdəki erməniləri inandırmaqla yanaşı, həm də Türkiyənin ictimai rəyini özünün münasibət dəyişikliyinin səmimi olduğuna əmin etməlidir.
Bu günün Türkiyəsində, bəyanatda deyildiyi kimi əsrin tələbindən doğan “dialoq”, vəd olunmuş kompromis, nifrətin pislənməsi, hörmət və dözümlülüyün təqdir olunmasına nail olmaq asanlıqla əldə ediləcək nailiyyət deyil.
Bunu görmək üçün yarırəsmi Anadolu Agentliyinin bu yaxınlarda toxunduğu məsələyə diqqət yetirmək kifayətdir.
Türk-erməni jurnalisti Hrant Dinkin qətli üçün cavabdeh olanların heç də hamısı ədalət qarşısına çıxarılmayıb.
Bu yaxınlarda Suriyanın şimal-qərbindəki Kesab şəhərindəki erməni əhalinin islamçı qiyam qüvvələri tərəfindən hücumlara məruz qalması da, Türkiyənin Suriya müxalifətinin dəstəklənməsindəki roluna dair suallar doğurur.
Türkiyə Ermənistanla daha yaxşı münasibətlərin qurulmasına doğru əvvəllər də addımlar atıb, lakin 2009-cu ildə Türkiyə-Ermənistan Protokollarının iflası göstərir ki, yaxşı niyyətlər, hətta rəsmi sazişlərin imzalanması kifayət deyil.
Türkiyənin erməni siyasətində nəzərdən qaçırılmamalı başqa bir mühüm element də var. 2009-cu ildə Protokollarının dayandırılmasına Azərbaycanın etirazları və Türkiyənin özündəki millətçi əhval-ruhiyyə səbəb olmuşdu.
Azərbaycanla kommersiya bağlarının sıxlaşdığı və siyasi əlaqələrin dərinləşdiyi bir vaxtda Türkiyə, azərbaycanlılar üçün hissiyyatlı olan bu məsələdə bu gün də fundamental baxımdan fərqli mövqe tutmayıb.
Son illərdə erməni məsələsi Türkiyənin vətəndaş cəmiyyəti təşkilatlarında, media və elm ocaqlarında daha açıq müzakirə olunmağa başlayıb. Bununla belə, istər hakim partiya, istərsə də müxalifətdə ölkə tarixinin ən qaranlıq səhifələrinin yenidən açılmasına hələ də güclü müqavimət qalmaqdadır.
Xəbərlərə görə, Türkiyə Erdoğanın bəyanatının doğuracağı reaksiyanı gözləyir ki, bundan sonra, öldürülmüş və ya sürgün edilmiş ermənilərin törəmələrinə pasportların verilməsi də daxil olmaqla etimad yaradacaq başqa addımları da atsın.
Lakin ilk növbədə biz baxmalıyıq ki, aprelin 24-ü nəhayət həm türklərin, həm də ermənilərin eyni dərəcədə yad etdikləri günə çevrilirmi?




