Azərbaycan ordusunun erməniləri əsir götürməsi videosu Yerevanda zorakı etirazlara səbəb olub

yerevan, etiraz, əsir, erməni, bu gün

Şəklin mənbəyi, News.am

100-dən çox erməni döyüşçünün son bir neçə gün ərzində əsir düşməsi barədə məlumatlar Ermənistan ictimaiyyətində böyük qəzəbə səbəb olub.

Yerevanda itkin düşmüş hərbçilərin qohumları Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyasını keçirib. Etirazçılar nazirliyin qapısını sındırıb binaya daxil olublar.

Etirazlara dünən axşam sosial şəbəkədə 100-dən çox erməni hərbçilərin Qarabağda Hadrut yaxınlığında Çaylaqqala kəndi ətrafında əsir götürülməsi haqqında video görüntülərin yayılması olub.

Azərbaycan ordusunun Hadrut, Zəngilan və Şuşa rayonu ərazisində reydlər keçirdiyi və ərazidən çıxmayan, yüzdən çox erməni könüllü döyüşçünü əsir aldığına dair məlumatlara Azərbaycan Müdafiə Nazirliyi hələ ki, reaksiya verməyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azadlıq radiosunun ermənicə xidmətinə deyib ki, Azərbaycan ordusu Rusiya sülhməramlılarını "mühasirədə saxlayır". Rusiya Müdafiə Vazirliyi Ermənistan liderinin bu iddialarını rədd edib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Videolar

Sosial mediada Azərbaycan hərbçilərinin onlarla ermənini əsir götürdüyü və eləcə də, hərbi maşınlarını ələ keçirdiyini göstərən videolar yayılıb.

Bu videolardakı erməni hərbçilər çox güman ki, Hadrut rayonunun Xtsaberd (Çaylaqqala) kəndi yaxınlığında Azərbaycan ordusuna əsir düşənlərdir, bunu tanınmamış "Dağlıq Qarabağ Respublikasının ombudsmanı" Artak Beglaryan öz Facebook səhifəsində yazıb. O deyir ki, onda olan ilkin məlumatlara görə, 60 erməni hərbçi bu ərazidə itkin düşüb.

Bəzi məlumatlara görə, əsir götürülmüş ermənilərin sayı 160 nəfərdir.

Videolardan birində, saxlanmış bir qrup erməni əsgəri görünür.

Bir Teleqram kanalında isə saxlanmış onlarla erməni əsgərin şəkli paylaşılıb.

yerevan, etiraz, əsir, erməni, bu gün

Şəklin mənbəyi, News.am

İnterfaks agentliyi də yazıb ki, tanınmamış "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" Rusiya sülhməramlıları ilə birlikdə "DQR Müdafiə Ordusunun" itkin düşmüş 100-ə yaxın hərbi qulluqçusunu axtarır.

Onların Azərbaycan hərbçiləri tərəfindən əsir götürüldükləri versiya nəzərdən keçirilir və bu versiya rus sülhməramlılarının vasitəçiliyi ilə yoxlanılır.

"Dünən axşam, naməlum şəraitdə, Hadrut bölgəsinin Hin Tager (Böyük Tağlar - red.) və Xtsaberd (Çaylaqqala - red.) kəndləri istiqamətində DQR Müdafiə Ordusunun bir neçə döyüş mövqeyinin şəxsi heyəti ilə əlaqə itib. Axtarış işləri bütün gecə və səhər davam edib", - "DQR Müdafiə Nazirliyinin" mətbuat xidməti məlumat verib.

Həmçinin deyilir ki, "Rusiya sülhməramlılarının vasitəsilə əsir düşmə ehtimalları haqqında xəbərlərin yoxlanması üzrə işləri davam edir".

Azərbaycanın 4 hərbçisi öldürülüb

Son hadisələr barədə məlumatlara reaksiya verməsə də, Azərbaycan Müdafiə Nazirliyi ötən həftəsonu Xöcavənd rayonunda "ermənilərin qəfil hücumu" nəticəsində dörd hərbi qulluqçunun öldürlüdüyünü açıqlamışdı.

Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ü dekabrın 13-də açıqlanan məlumata görə, Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə qalmış bəzi erməni silahlı birləşmələri həmin ərazini "tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər."

"Belə ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və "Azercell" şirkətinin əməkdaşı ağır yaralanmışdır," - məlumatda deyilir.

"Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.", - Azərbaycan MN və DTX-nın məlumatında qeyd olunub.