Şahbaz Quliyev və Dilqəm Əsgərov Bakıdadırlar

Dilqəm Əsgərov və Şahbaz Quliyev

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Dilqəm Əsgərov və Şahbaz Quliyev

2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Bakıya gətirilib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb.

Qurum Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib.

Rusiya vətəndaşları, əslən azərbaycanlı olan Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Dilqəm Əsgərov və Şahbaz Quliyev separatçı "DQR məhkəməsinə" çıxarılıb və Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il iş verilib.

Şahbaz Quliyev və Dilqəm Əsgərov

Şəklin mənbəyi, APA.AZ

Şəklin alt yazısı, Şahbaz Quliyev və Dilqəm Əsgərov

44 günlük müharibə dövründə onların Ermənistana aparılmaları barədə məlumatlar yayılmışdı.

Dövlət Komissiyası beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "Hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduğunu qeyd edib.

Komissiya əsir düşmüş ermənilər barədə məlumatların müntəzəm olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunduğunu, birtərəfli qaydada onların bir hissəsinin azad edildiyini açıqlayıb.

"Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin olunub", - dövlət komissiyasının məlumatında deyilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərinin diqqətdə saxlanıldığını, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla "fasiləsiz olaraq danışıqlar aparıldığını" bildirib.

Şahbaz Quliyev və Dilqəm Əsgərov

Şəklin mənbəyi, APA.AZ