Nikol Paşinyan: "Ermənistanla Qarabağın arasını vurmaq istəyənlər var"

Şəklin mənbəyi, Gov.am
Baş nazir Nikol Paşinyan canlı efirdə yaxın 1-2 ay ərzində "keçid dövrünün ədliyyə-məhkəmə sisteminin" tətbiq edilməsinin zəruri olduğunu deyib.
Onun sözlərinə görə, bütün hakimlərin öz siyasi əlaqələri və mülkləri ilə bağlı dəqiq məlumat verməli, verdiyi qərarların Avropa Məhkəməsi tərəfindən qanunsuz sayıldığı hakimlər isə istefaya getməlidirlər.
Bazar ertəsi Nikol Paşinyanın çağırışı ilə Ermənistan vətəndaşları ölkə ərazisində bütün məhkəmə binalarını əhatəyə almış, giriş və çıxışlarını bağlamış, heç kəsi binaya buraxmamışdılar. Onun çağrışına səbəb məhkəmənin sabiq prezidenti Robert Koçaryan-ı sərbəst buraxması olmuşdu.
Baş nazir müraciətində deyib ki, vətəndaşlar məhkəmə binalarını təcriddən azad etsinlər.
"Ermənistanla Qarabağın arasını vurmaq istəyənlər var"
Ermənistanın baş naziri öz çıxışında bildirib ki, "keçmiş korrupsiyalaşmış sistemi təmsil edən konkret şəxslər keçmişdə tətbiq etdikləri "parçala və hökmranlıq et" üsuluna sadiq qalaraq, Ermənistan və Dağlıq Qarabağ xalqları arasında "fikir ayrılığı" yaratmaqla, "ziddiyyətlər və hətta düşmənçilik" təhrik etməklə "keçmişdə yol verdikləri korrupsiya cinayətlərini ört-basdır etmək və bəraət qazandırmağa" çalışırlar.
Nikol Paşinyan deyib ki, ölkədə hökm sürən korrupsiya sistemindən Dağlıq Qarabağlı soydaşları daha çox zərər çəkib.
O əlavə edib ki, hələ ötən il seçki təbliğat kampaniyası zamanı bunları təhlil edib və bu qənaətə gəlib ki, bütün bunların arxasında hətta "qəsdən müharibəyə təhrik edib, bəzi əraziləri təhvil verib, bunun məsuliyyətini Ermənistan hökumətinin boynuna qoymaq məqsədi" var.
"Bu səpkidə, bunları dövlət xəyanətinə oxşayan fəaliyyət və Ermənistanın baş naziri və müharibə şəraitlərində Silahlı Qüvvələrin ali baş komandanı olaraq mən, Artsaxın (Dağlıq Qarabağın-red) təhlükəsizliyinin zamini kimi bu qəsdli niyyətləri kökündən kəsmək üçün ən sərt tədbirlərdən çəkinməyəcəyəm", Paşinyanın çıxışında deyilir.
Baş nazir bəyan edib ki, 2016-cı il, həmçinin, "dördgünlük müharibə" adını almış hadisələrin araşdırılması və "hamımızı narahat edən bir sıra sualların cavabını almaq üçün" xüsusi parlament komissiyası yaratmağın vaxtıdır.
Paşinyan Dağlıq Qarabağ xalqına müraciət edərək, "fəaliyyətləri xalqın iki hissəsi arasında ziddiyyətlər yaratmağa yönəlmiş qüvvələrə "yox" deməyə çağırıb.

Şənbə günü Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirini dəyişib, onu ölkəni tərk etməmək şərtilə sərbəst buraxıb.
Məhkəmənin qərarı Ermənistanda ictimai narazılığa səbəb olub və kütləvi etiraz aksiyaları ilə qarşılanıb.
Bazar ertəsi hökumət üzvləri, güc strukturları, məhkəmə-ədliyyə sisteminin iştirakı ilə müşavirə zamanı birbaşa canlı efirdə çıxış edən Paşinyan deyib ki, məhkəmə sisteminə "cərrahiyə müdaxiləsi" etməyin vaxtı gəlib.
Məqsədimiz yeni, beynəlxalq meyar və dəyərlərə uyğun məhkəmə sistemini yaratmaq, marionetlər məhkəmə sistemindən azad olmaqdır, o bəyan edib.
Paşinyanın sözlərinə görə, bütün hakimlərin öz siyasi əlaqələri və mülkləri ilə bağlı dəqiq məlumat verməli, verdiyi qərarların Avropa Məhkəməsi tərəfindən qanunsuz sayıldığı hakimlər isə istefaya getməlidirlər.
O deyib ki, bütün nəzərdə tutulan proseslər müvafiq beynəlxalq orqanlarla əməkdaşlıqda həyata keçirilməli və ən yaxşı beynəlxalq təcrübəyə cavab verməlidir.

Ötən il "məxməri inqilab"dan sonra hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan inqilabın ikinci mərhələsini elan edib.
"Səhər saat 8:30-da bütün məhkəmələrin giriş və çıxışlarını bloklayırıq: heç kəs daxil ola bilməsin. Saat 12:00- da mənim nitqim birbaşa efirdə yayılacaq", - öz Facebook səhifəsində Paşinyan yazıb.
Daha sonra gecə saatlarında Paşinyan Facebook vasitəsilə canlı yayımda bir daha tərəfdarlarına müraciət edib.
"Bizi Ermənistanı həqiqətən azad və demokratik etmək məqsədimizdən heç nə yayındıra bilməz. Mən sonacan gedəcəyəm və məni heç nə saxlaya bilməz. Neçə ki, xalq mənə etimad edir, mən ona qulluq edəcəyəm", - o deyib.
Paşinyan etirazçıları ehtiyatlı olmağa, təxribatlara uymamağa və zor tətbiq etməkdən çəkinməyə çağırıb.

Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu devirməkdə və iri məbləğdə rüşvət almaqda ittiham edilir.
Koçaryan ötən ilin dekabr ayından həbs olunub, istintaq aparılır.
Onun barəsində həbs qətimkan tədbirinin dəyişməsi üçün tanınmamış Dağlıq Qarabağ Respublikasının sabiq və hazırkı liderləri Arkadi Ğukasyan və Bako Sahakyan Ermənistan məhkəməsinə müraciət edərək Koçaryanın azadlıqda istintaq prosesinə maneə olmayacağı və ölkəni tərk etməyəcəyinə zəmanət vermiş və hərəsi 500 min dram girov qoyublar.
Cümə axşamı günü Arkadi Ğukasyan və Bako Sahakyan öz zəmanətlərini təsdiq etmək üçün Qarabağdan Yerevan məhkəməsinə gəliblər.






