Ermənistan Apellyasiya Məhkəməsi: Robert Koçaryan həbsdə qalacaq

Şəklin mənbəyi, Yerkirmedia.az
Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbs müddətinin daha iki ay uzadılmasına dair qərarın qüvvədə saxlanılması barədə hökm verib.
Yanvarın 18-də Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin Robert Koçaryan barəsində həbs qətimkan tədbirin daha iki ay uzadılması haqqında vəsatətini təmin edərək, sabiq prezidentin vəkillər komandası tərəfindən qətimkan tədbirin girovla əvəz etmək vəsatətini rədd etmişdi. Cümə axşamı baş tutan məhkəmə həmin qərardan şikayətə dair olub.
Robert Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə əlbir olaraq, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.
2008-ci il martın 1-i və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı.
Robert Koçaryan ötən il iyulun sonunda həbs olunub. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyişib.
Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət edib və Kassasiya Məhkəməsi dekabrın 7-də yenidən araşdırmaq üçün işi Apellyasiya Məhkəməsinə qaytarıb. Həmin gün Apellyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan yenidən həbs edilib.
Koçaryan - siyasi məhbus?
Koçaryanın vəkilləri Apellyasiya Məhkəməsinin qərarını "qərəzli", özünü isə "siyasi məhbus" hesab edirlər.
"Mən rəsmən bəyan edirəm ki, Robert Koçaryan siyasi məhbusdur. Bu qərarın hüquqi komponenti sıfra bərabərdir. Bu qərar 100 faiz siyasi sifarişdir və siyasi sifariş çərçivəsində həyata keçirilmiş tədbirdir", - Koçaryanın vəkillər komandasının üzü Hayk Alumyan məhkəmə prosesindən sonra jurnalistlərə deyib və Kassasiya Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Koçaryanın vəkili sabiq Ermənistan prezidenti Robert Koçaryanın "Paşinyan hakimiyyəti tərəfindən təqib" olunduğunu iddia edir və Ermənistan Apelyasiya Məhkəməsinin qərarına dair Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət göndəriləcəyini bildirir.
Koçaryanın vəkilləri bundan əvvəl də AİHM-ə iki şikayət təqdim ediblər.





