Kadırov: "silahlıların İslam dövlətinə and içməsi blefdir"

Şəklin mənbəyi, AP

"İslam dövləti" terrorist təşkilatı Çeçenistanda dəstək almayacaq çünki respublikanın sakinləri dinc həyata kökləniblər, Çeçenistan rəhbəri Ramzan Kadırov belə deyib.

"Şimali Qafqaz silahlıları adından İŞİD-ə and içmələri barədə bəyanat blefdən başqa bir şey deyil. Düşünmürəm ki, meşələrdə hələ də gizlənən bir sıra məhv edilməmiş quldurlar özlərini İslam dövləti adlandıran radikallara ciddi yardım göstərə bilər", Kadyrov deyib.

"Bu alçaqların Çeçenistan Respublikasında sadəcə olaraq heç bir şansı yoxdu: bizdə vəziyyətə güc strukturları tamamilə nəzarət edir, dinc yaşayış siyasətini isə əhalinin 99.9 faizi dəstəkləyir" Çeçenistan rəhbəri əlavə edib.

BBC-nin bundan əvvəl verdiyi xəbərə görə, keçən həftənin sonunda sosial şəbəkələrdə "Qafqaz əmirliyi" terrorist təşkilatı adından verilmiş video bəyanat yayılmışdı. Bu bəyanatda «Qafqaz əmirliyi» qruplaşmasının guya liderlərindən biri "İslam dövləti" ilə müttəfiqliyi elan edir.

Sonra isə, "İslam dövləti" qruplaşması özü bəyanat yayaraq, silahlıların andını qəbul etdiyini bildirib.