Ermənistan: Osmanlı Türkiyəsində törədilmiş kütləvi qırğının yüzilliyi qeyd olunur

İnsanlar Yerevandakı memoriala güllə düzür

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, İnsanlar Yerevandakı memoriala güllə düzür

Ermənistanda Osmanlı Türkiyəsində törədilmiş qətliamın yüzilliyinə həsr olunmuş anım mərasimləri davam edir.

Mərasimə gələn qonaqlar paytaxt Yerevan ətrafında yerləşən xatirə abidəsinə güllər düzür.

Ermənistanın bildirdiyinə görə, hadisələrdə 1.5 milyon insan ölüb, Türkiyə bu rəqəmlə razılaşmır.

Ankara kəskin şəkildə soyqırım sözünün istifadəsinə qarşı çıxır. Bu məsələ iki millət arasında münasibətlərin pozulmasına səbəb olub.

Türkiyə faciənin baş verdiyini qəbul edir, lakin xristian erməni əhalisinin məhv edilməsinə yönəlik sistemli cəhdlərin olduğunu rədd edir.

Türkiyənin bildirdiyinə görə, müharibə ərəfəsində bir çox günahsız müsəlman türk də ölüb.

Ermənistan Kilsəsi qətlə yetirildiyini iddia etdiyi 1.5 milyon insanı övliyalar sırasına keçirib

Şəklin mənbəyi, Other

Şəklin alt yazısı, Ermənistan Kilsəsi qətlə yetirildiyini iddia etdiyi 1.5 milyon insanı övliyalar sırasına keçirib

Anım mərasimi cümə günü Türkiyədə də keçiriləcək və baş nazir Ahmet Davutoglu bildirib ki, ölkəsi ermənilərin “ağrısını bölüşəcək”.

Lakin o, Türkiyənin mövqeyini təkrarlayaraq bildirib ki, qətliam soyqırım olmayıb.

Cümə günü Türkiyə həmçinin Çanaqqala Döyüşünün 100 illik ildönümü münasibətilə tədbirlər keçirəcək.

Lakin əslində burda döyüşlər aprelin 25-də başlayıb və Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəni, “dünyanın diqqətini Yerevan mərasimlərindən yayındırmaqda” günahlandırıb.

“Bir daha əsla”

Yerevanda gülqoyma mərasimindən sonra cənab Sarkisyan qonaqların qarşısında çıxış edərək bildirib: “Mən hər birinizə bura gəldiyinizə, 100 il keçəndən sonra belə heç nəyin unudulmadığnı dediyinizə görə minnətdaram”.

BBC müxbiri Rayhan Demitri Yerevandadır

Şəklin mənbəyi, BBC World Service

Bənövşəyi yaddaşçiçəyi yüzilliyin rəmzidir. Ona Yerevanın hər yerində rast gəlmək olar: dükanların pəncərələrindən tutmuş, bir çoxunun qürurla gəzdirdiyi döş nişanlarına kimi.

Yüzilliyin “mən xatırlayır və tələb edirəm” şüarlarına da rast gəlmək mümkündür.

Lakin ermənilərin tələb etdiyi nədir? Mən Yerevanın Maştots küçəsində bir neçə nəfərdən bu barədə soruşdum.

“Biz dünya ictimaiyyətindən ədalət tələb edirik, bu qədər,” Sergey Martirossyan deyib, “lakin mənimçün şəxsən bunun heç bir fərqi yoxdur. Bizim əslində Ermənistanda hökumətin iqtisadi inkişaf istiqamətində ciddi addımlar atmasına ehtiyacımız var”.

Çıxışı zamanı Fransa prezidenti François Hollande bildirib: “Biz sizin insanların qatlaşdığı faciələri heç vaxt unutmayacağıq”.

Rusiya prezidenti Vladimir Putin deyib: “İnsanların kütləvi qırğınına heç bir bəraət qazandırmaq olmaz. Bu gün biz erməni xalqı ilə birgə yas tuturuq”.

Cümə günü Osmanlı Türkiyəsi hakimiyyətinin o zamankı Konstantinopol şəhərində bir neçə yüz erməni ziyalısını həbs edərək, əksəriyyətini qətlə yetirməsinin üzərindən 100 il keçir.

BBC-nin Yerevanda olan müxbiri Rayhan Demitri deyir ki, ermənilərin fikrincə, bu hadisələr o zaman Osmanlı İmperiyasının Dünya Müharibəsi düşməni olan Rusiyanı dəstəkləməkdə şübhəli bildiyi xristian erməniləri kütləvi məhv etmək siyasətinin başlanğıcı olub.

Anım mərasimi Yerevandakı Tsitsernakaberd Memorialında keçirilib

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Anım mərasimi Yerevandakı Tsitsernakaberd Memorialında keçirilib
Fransa, qətliamın soyqırım kimi tanınmasının güclü tərəfdarıdır və prezident Hollande soyqırımı inkar cəzası ilə bağlı qanunun qəbuluna təkan verib

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Fransa, qətliamın soyqırım kimi tanınmasının güclü tərəfdarıdır və prezident Hollande soyqırımı inkar cəzası ilə bağlı qanunun qəbuluna təkan verib

ABŞ prezidenti Barack Obama yüzilliklə bağlı ehtiyatlı sözlərdən istifadə etməklə bəyanat verib. O, hadisələri “20-ci əsrin ən dəhşətli qəddarlıqlarından biri” adlandırıb və soyqırım sözündən istifadə etməyib.

2008-ci ildəki prezident seçkiləri kampaniyası ərəfəsində senator Obama “erməni soyqırımını tanıyacağına” söz vermişdi, onun yeni bəyanatında isə deyilir: “ Mən 1915-ci iləd baş vermiş hadisələrlə bağlı fikirlərimi davamlı olaraq bəyan etmişəm və mənim baxışım dəyişməyib”.

Lakin onun sözləri Amerika ermənilərini qəzəbləndirib.

Bu arada alman millət vəkilləri, prezident Joachim Gauck-un qətliamı izah etmək üçün bu sözdən istifadə etməsinin ardından, soyqırım məsələsi ilə bağlı müzakirələr edirlər.

Prezident Vladimir Putin də mərasimdə iştirak edib və qonaqlar önündə çıxış edib

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Prezident Vladimir Putin də mərasimdə iştirak edib və qonaqlar önündə çıxış edib
Dünyanın başqa yerlərində yaşayan ermənilər, qətliamın soyqırım olduğunu israr edirlər

Şəklin mənbəyi, Other

Şəklin alt yazısı, Dünyanın başqa yerlərində yaşayan ermənilər, qətliamın soyqırım olduğunu israr edirlər

Bu ay Türkiyə, Roma Papasının soyqırım sözündən istifadə etməsinin ardından öz səfirini Vatikandan geri çağırıb.

Fransa, qətliamın soyqırım kimi tanınmasının güclü tərəfdarıdır və prezident Hollande soyqırımı inkar cəzası ilə bağlı qanunun qəbuluna təkan verib.

Türkiyədə isə cümə günü media əsasən Çanaqqalaya diqqət ayırıb. Lakin Türkiyənin ən qədim qəzetlərindən biri olan Cumhuriyet qəzeti “Bir daha əsla” başlığı ilə sürpriz yazı dərc edib.

“Osmanlı İmperiyası dövründə baş vermiş hadisələrin vurduğu yaralar hələ də sağalmayıb. İnsan fikrini, ədalət hissini və vicdanı iflic edən bu ağrı ilə üzləşmək vaxtıdır,” yazıda deyilir.