Qarabağda yaralanmış əsgərlər Yerevan hospitalında

Norayr Kamalyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Norayr Kamalyan iyulun 31-də yaralanıb.
    • Müəllif, Aleksey Manvelyan
    • Vəzifə, Yerevan, BBC Azərbaycanca

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaralanan erməni hərbçi və əsgərlərin Yerevan Mərkəzi Klinik Hərbi Hospitalında müalicəsi davam edir. BBC Azərbaycancanın müxbiri onlardan bir neçəsi ilə hospitalda görüşüb.

İyulun sonu, avqustun əvvəlində Azərbaycanla təmas xəttində yaralanan yeddi hərbçi Yerevan hospitalında müalicə olunur.

Hospitalın rəisi, polkovnik Aram Asaturyan onların hamısına cərrahiyə əməliyyatı edildiyini bildirib.

Norayr Kamalyan

Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonunun Qişi kəndindən ordu xidmətinə çağırılmış Norayr Kamalyanın iyirmi yaşı hospitalda tamam olub.

O, iyulun 31-də Dağlıq Qarabağın şimal istiqamətində erməni və azərbaycanlı hərbi birləşmələrinin təmas xəttində döyüşdə yaralanıb. Həmin döyüşdə onun iki əsgər yoldaşı – 1994-cü il təvəllüdlü Ararat Xanoyan və Aşot Asoyan - həlak olub.

“Səhər onun yarısında bir zabit və dörd əsgər post üçün həftəlik ərzaq gətirməyə gedirdik. Zabitlə əsgərlərdən biri dayanmışdı su içməyə, biz - üç əsgər - bir qədər irəlidə gedirdik. Bu vaxt sağ tərəfdən, lap yaxından atəş açdılar. Mən atıldım birinin üstünə, əlbəyaxa davaya qatıldıq. Onlardan biri boksçu kimi tez-tez üzümə zərbə endirirdi. Mən dalaşa-dalaşa qışqırıb kömək çağırırdım. Biri məni güllə ilə yaraladı. Onlar qaçdılar. Sonra qalxıb gördüm ki, səngərdə iki nəfər əsgər yoldaşımız ölüb”, - Norayr Kamalyan BBC Azərbaycancaya söyləyib.

Norayr Kamalyan Ermənistan prezidentinin fərmanı ilə “Vətənin müdafiəsində şücaət və sadiqlik nümayiş etdirdiyinə və həyatına təhlükə yarandığı şəraitdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə” İgidlik medalı ilə təltif olunub.

Norayrın əkiz qardaşı da onunla eyni hərbi hissədə qulluq edir, payızda onların xidmət müddəti başa çatır.

Benik Ohancanyan

benik_ohanjanyan

Şəklin mənbəyi, BBC World Service

Benik Ohancanyan da əsgərliyə Martuni rayonundan çağırılıb, hərbi xidmətinin birinci ili təzəcə başa çatıb.

Dediyinə görə, iyulun 26-a keçən gecə yaralanıb. O yaralandığı anı danışır: “Saat 2:30 olardı. Blindaj yatağının önündə keşikdə dururdum. Əsgər yoldaşım ayaqyoluna tərəf gedəndə onun üstünə qumbara atdılar.

Mən qumbara atılan istiqamətdə atəş açmağa başladım. Onlar da mənə sarı atmağa başladılar. Mən yeri dəyişmək istəyəndə ayağım qalxmadı, arxam üstə yerə yıxıldım. Amma atəşi davam etdirdim.

Sandıqçada gülləm qurtaranda, sürünüb blindajda gizləndim. Postumuzun heyəti ilə onların dəstəsi arasında atışma bir qədər davam etdi. Sonra onlar geri çəkildilər. Mövqe komandiri ayağımı möhkəm sarıdı.

Sonra bölük komandirinə zəng edirik, qərargah rəisi öz maşını ilə gəlib məni Martakert (Ağdərə) hospitalına apardı”.

Qriqor Qriqoryan

grigor_grigoryan

Şəklin mənbəyi, BBC World Service

Ermənistanın Meğri rayonundan hərbi xidmətə getmiş Qriqor Qriqoryan cəmisi yeddi ay qulluq edib.

grigor_grigoryan

Şəklin mənbəyi, BBC World Service

Qriqor iyulun 25-dən 26-na keçən gecə saat 2:30 radələrində yaralanıb. Ayaqyoluna getdiyi zaman əl fənərinin işığını kolluğa salanda “göz parıltısı” görüb. “Hücum! Hücum!” – qışqıra-qışqıra geri yüyürüb və bu zaman, dediyinə görə, atəş səsləri gəlib.

“Bizim oğlanlar çıxanda mən artıq yaralanmışdım. Yanımda qumbara partlamışdı”, - dedi.

Qriqorun qaraciyərində çox mürəkkəb cərrahiyə əməliyyatı aparılıb. Mümkündür ki, müalicə kursu başa çatdıqdan sonra o, tərxis edilsin.

Armen Petrosyan

armen_petrosyan

Şəklin mənbəyi, BBC World Service

Yerevanlı Armen Petrosyan hərbi xidmətinin ilk yarım ilini də hələ başa vurmayıb. O, iyulun 27-də yaralanıb.

“Səhər saat altının yarısı olardı, partlayış səsi gəldi. Əhəmiyyət vermədim. Çünki ön xətdə tez-tez mina-zad partlayır və belə səslər eşidilir. Amma növbətçi yoldaşım dedi: Armen, qaç, mərmi gəlir. Qaçmağa çatdırmadım, mərmi yaxınlıqda partladı, məni bir-neçə metr yana atdı... Özümə gəlib gözlərimi açanda, hər yanı toz-tüstü almışdı, heç nə görünmürdü”, - o deyir.

Əsgərin sözlərinə görə, partlayış nəticəsində ondan başqa heç kəs yaralanmayıb. “Sağ ayağım sınıb və mərminin qəlpələri qoluma batıb”, - dedi.

Yerevan hospitalında müalicə olunan əsgərlər arasında ən yüngül xəsarət alanı Armendir. Sağaldıqdan sonra öz hərbi hissəsinə qayıtmaq istədiyini bildirir.

- Qorxmursan? – soruşuram.

- Postlara qalxanda elə adam yoxdur ki, qorxu hiss etməsin. Yalnız ağılsız adam qorxu hiss etməz. Lakin bu hissi yatırtmağı bacarmalısan, - deyir.

Yerevan Mərkəzi Klinik Hərbi Hospitalının rəisi polkovnik Aram Asaturyanın sözlərinə görə, yaralı əsgərlərin sağalma prosesi normal keçir və müalicədən sona onların əksəriyyəti hərbi xidmətini davam etdirə bilər.

“Lakin bu barədə danışmaq hələ tezdir. Bunu, sağalma prosesi başa çatdıqdan sonra, ekspert komissiyası müəyyən etməlidir”, - hospitalın rəisi BBC Azərbaycancanın müxbirinə deyib.

Əsgər anaları

norayr_kamalyan_mather

Şəklin mənbəyi, BBC World Service

Yaralı əsgərlərin xəstəxana palatasında gecə-gündüz əsasən anaları növbə çəkir. Benik Ohanjanyanın qeydinə atası qalır.

Münaqişə bölgəsində vəziyyətin son illər ərzində gərginləşməsi, yerli KİV-lərin hadisələri əsil müharibə şəraiti ruhunda işıqlandırması, yaralıların diqqət mərkəzində olması və qəhrəman kimi təsvir edilməsi, hərbi və siyasi rəhbərliyin onlara baş çəkməsi və bahalı hədiyyələr verməsi bəzən əsgər analarını mikrofon və kamera qarşısında şəraitə uyğun sözlər deməyə məcbur edir.

Lakin 18-20 il boya-başa çatdırdığı övladını itirmək və ya ömürlük şikəst qalması ayağında bu analar nə hiss edir? Bütün əsgər analarına nə demək, nə diləmək istərdilər?

İlk növbədə, onların hamısı övladının heç olmasa sağ qaldığına şaddır. “Sülh olsun, heç bir ana bu günü görməsin”, - bu sözləri deyən əsgər anasına digərləri də qoşulur.

“Mən xoşbəxt olardım ki, orduya sağlam göndərdiyim övladım sağlam qayıtsın... Qoy bütün analar həqq-təalaya üzünü tutub dua eləsinlər ki, sülh olsun. Sülh olsun. Hamının balaları sağ-salamat analarının yanına qayıtsın”, - əsgər anası Silva Petrosyan deyir.

Avqustun əvvəllərində Azərbaycan və Erməni qüvvələri arasında ön cəbhədə baş verən qanlı atışmalar zamanı 18 əsgər həyatını itirib.

Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda və ilk olaraq digərinə hücum etməkdə ittiham edib.