İstanbul Konvensiyası nədir və qadınları necə qoruyur?

Etiraz

Şəklin mənbəyi, Getty Images

Ötən həftə Türkiyənin Rəsmi Qəzete nəşrində prezident fərmanı ilə Türkiyənin İstanbul Konvensiyasından çıxdığı bildirilib.

Türkiyə, 2011-ci ildə İstanbulda imzalanması üçün açıq elan olunan Konvensiyanı ratifikasiya edən təsdiqləyən ilk ölkə olub.

Türkiyədə bu konvensiyaya qarşı çıxanlar onun ailə quruluşuna ziyan vurduğunu və bu sənədə baxmayaraq qadınlara qarşı cinayətlərin getdikcə artdığını iddia edirdilər.

Konvensiyanın tərəfdarları isə bu sənədə əsaslanaraq qadınları qorumaq üçün daha çox iş görülməsinin vacibliyini və bu sazşidən çıxmağın qadın hüquqları uğrunda mübarizədə geriyə atılan addım olacağını söyləyirdilər.

Bəs İstanbul Konvensiyası nədir və bu məsələ ətrafında mübahisələr necə başlayıb?

Türkiyə qadınları

Şəklin mənbəyi, Kadın Meclisleri

Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" İstanbul Konvensiyası 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub.

İstanbul Konvensiyası qadınları necə qoruyur?

Qısaca deyilsə, İstanbul Konvensiyası qadınları hər cür şiddət və ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli proqram, siyasət və tədbirlər hazırlamağı və bu mövzuda beynəlxalq əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Konvensiyada qadına qarşı zorakılığın "qadınlarla kişilər arasındakı tarixi qeyri-bərabər güc münasibətlərinin bir təzahürü olduğu" qeyd olunur.

Konvensiyanın müddəalarının əməli şəkildə həyata keçirilməsini təmin etmək üçün, Qadınlara qarşı zorakılıq və məişət şiddətinin qarşısının alınmasıüzrə ekspert qrupu, qısaca "GREVIO" kimi tanınan bir monitorinq və nəzarət komitəsi fəaliyyət göstərir.

2011-ci il mayın 11-də imzalanmaya İstanbulda açıq elan olunduğu üçün "İstanbul Konvensiyası" adı ilə tanınan Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyasını ilk imzalayan və təsdiqləyən ölkə Türkiyə olub.

Türkiyədə 2014-cü il avqustun 1-də qüvvəyə minən İstanbul Konvensiyası "gender bərabərliyi" prinsipinə əsaslanır.

8 mart 2019

Şəklin mənbəyi, Getty Images

Müqavilənin əsas məqamları hansılardır?

Konvensiyanın həm sülh dövründə, həm də silahlı münaqişə şəraitində tətbiq ediləcəyi bildirilir.

Türkiyədə qadın hüquqlarının müdafiəsi fəalı Gülsüm Kav 2019-cu ildə BBC-yə İstanbul Konvensiyasının təməlində dörd əsas prinsipin durduğunu söyləyib:

"Konvensiyada ilk növbədə profilaktik tədbirlərin vacibliyi qeyd olunub. Zorakılığın qarşısını almaq üçün cəmiyyətdə bərabərlik olmalıdır. Təhsil sahəsi də daxil, cəmiyyətdə gender bərabərliyi bərqərar olmalıdır."

"İkincisi, belə bir cəmiyyəti dərhal yaratmaq asan iş deyil, şiddət - köhnə və köklü bir problemdir. Əgər belə bir cəmiyyəti dərhal yaratmaq mümkün deyilsə, qadınları təsirli və fəal şəkildə qorumaq üçün 6284 saylı qanun tətbiq olunmalıdır." (Türkiyədə bu qanun ailənin qorunmasını və qadınlara qarşı zorakılığın qarşısının alınmasını nəzərdə tutur).

"Üçüncü prinsip qadına xəsarət yetirildiyi halda təsirli məhkəmə mexanizminin işləməsidir, ədalətin təmin edilməsidir."

"Dördüncüsü isə, Konvensiyada qadınların hüquqlarının qorunması işinin gələcəkdə daha da gücləndirilməsi tələb olunur."

Konvensiya qadınlara qarşı şiddəti necə müəyyənləşdirir?

Konvensiyada "qadınlara qarşı şiddət" tərifi "istər ictimai, istər şəxsi həyatda" meydana gələn hər cür fiziki, cinsi, psixoloji və ya iqtisadi şiddəti, şiddət təhdidini və diskriminasiya hallarını əhatə edir.

Konvensiyada "ailədaxili zorakılıq" məfhumunun "indiki və ya əvvəlki ər-arvad və ya birlikdə yaşayan fərdlər arasında, qurbanla eyni yerdə yaşayıb-yaşamamaqdan asılı olmayaraq" bütün zoraılıq hallarını əhatə edir.

Bu müqavilə 18 yaşına çatmamış qızlara da şamil edilə bilər.

Razılığa gələn tərəflər hansı qanuni addımları atmağa borcludurlar?

8 mart 2019

Şəklin mənbəyi, Getty Images

Konvensiya tərəfləri hər cür şiddət və ayrı-seçkilik hallarının qarşısını almaq üçün "lazımi qanuni və digər tədbirləri" görməyə, qadınların mövqeyini gücləndirə bilən addımların atılmasına çağırır.

Konvensiyaya iştirakçı ölkələrdən qadın və kişilərin bərabərliyi prinsipini milli konstitusiyalarına və ya digər müvafiq qanunvericiliyə daxil etməyi və bu prinsipin həyata keçirilməsinin təmin olunmasını, qadınlara qarşı ayrı-seçkiliyi qadağan edilməsini və qadınları diskriminasiya edən qanunların ləğv olunmasını tələb edir.

Konvensiyanın müddəaları həyata keçirilərkən "cinsi oriyentasiyaya" görə də ayrı-seçkiliyin yolverilməz olduğu vurğulanır.

Dövlət rəsmilərindən və təşkilatlarından Konvensiyanın müddəalarına uyğun olaraq fəaliyyət göstərmələri tələb olunur.

Konvensiyada qadınlara qarşı zorakılığın qarşısının alınması üçün hansı müddəalar var?

Sənəddə deyilir ki, "iştirakçı tərəflər qadınların kişilərdən aşağıda durduğuna dair cəmiyyətdə formalaşmış stereotiplərə əsaslanan qərəzli fikirləri, adətləri, ənənələri və digər təcrübələri ləğv etmək üçün qadınların və kişilərin sosial və mədəni davranış tərzlərini dəyişdirməyə kömək edəcək tədbirlər həyata keçirməlidir "

Konvensiyada "namus" anlayışına işarə edilərək bildirilib ki, "tərəflər mədəniyyət, adət, din, ənənə və ya "namus" kimi anlayışların hər hansı bir zorakılıq üçün bir səbəb kimi istifadə olunmamasını təmin etməlidir."

Konvensiya iştirakçı tərəfləri cəmiyyətin bütün üzvlərini, xüsusilə də gəncləri və kişiləri hər cür zorakılığın qarşısının alınmasına fəal töhfə verməyə təşviq etməyə çağırır.

Etirazçı qadın

Şəklin mənbəyi, Getty Images

Hər cür şiddətin qarşısını almaq üçün təhsilin vacibliyini vurğulanır. Rəsmi tədris proqramlarında gender bərabərliyi, sosial stereotiplərdən azad gender rolları, qarşılıqlı hörmət, şəxsi münasibətlərdəki qarşıdurmaların zorakılıqsız həll edilməsi, qadınlara qarşı zorakılığın yolverilməzliyi ver və şəxsiyyət bütövlüyünə hörmət kimi məsələlərin yer alması tələb olunur.

Konvensiya tərəfləri qeyri-rəsmi təhsildə, eləcə də idman, mədəni və əyləncə müəssisələrində və mediada bu prinsiplərin təşviqi üçün lazımi tədbirləri görməyə çağırır.

Tərəflərdən gələcəkdə şiddətin qarşısını almaq üçün, xüsusən də ailədaxili zorakılığa cəhd göstərənlərin şiddəti istisna edən hərəkətlər etmələri üçün təhsil proqramlarının hazırlanması tələb olunur. Eynilə, cinsi cinayətlərə cəhd edənlər üçün də müvafiq təhsil proqramlarının hazırlanması istənilir.

Türkiyədə etirazçı qadınlar

Şəklin mənbəyi, AFP

Konvensiyanın müddəaları qurbanları necə qoruyur?

Müqavilədə zorakılığa məruz qalanlara qısa və uzunmüddətli ekspert dəstəyi xidmətlərinin göstərilməsi, o cümlədən, zorakılıq qurbanlarına, xüsusilə qadınlara və uşaqlara sığınacaq təmin etmək tələb olunur.

Konvensiya tərəflərdən məxfilik prinsipinin və fasiləsiz fəaliyyət göstərən zorakılıqla bağlı pulsuz qaynar xəttinin işinin təmin olunmasını tələb edir.

Cinsi zorakılıq qurbanlarına həm tibbi, həm də psixoloji dəstək verilməsi nəzərdə tutulur.

Şiddət şahidi olmuş uşaqlara psixososial məsləhət xidmətləri göstərilməlidir.

Konvensiya eyni zamanda qurbanların cinayətkarlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş cinayət işinin qaldırılması və təzminat alınması imkanını verir.

Müqavilə tərəfləri "məcburi nikahların etibarsız sayılmasını və ya ləğv olunmasını təmin etmək üçün qanuni və ya digər tədbirlər görməyə" çağırır, psixoloji şiddət və təqibə görə təqib cəzası da tələb olunur.

Razılıqsız cinsi əlaqə anlayışına razılıq olmadan üçüncü şəxslə cinsi əlaqədə olmağa səbəbkarlıq etmək də daxil edilir.

Etirazçı qadınlar

Şəklin mənbəyi, Getty Images

Keçmiş və ya indiki həyat yoldaşları və ya birlikdə yaşayan insanlar arasında belə hərəkətlər cinsi zorakılıq kimi qiymətləndirilir.

Bir şəxsin və ya uşağın nikaha məcbur edilməsinə görə həmin hərəkəti edənlərin cəzalanması nəzərdə tutulur.

Konvensiyaya əsasən zorla gerçəkləştirilən qadın sünnəti qadağan olunur, qadınların məcburi abort və sterilizasiyadan qorunması tələb olunur.

Cinsi xarakterli fiziki hərəkətlərlə yanaşı, şifahi və ya qeyri-şifahi davranış da "cinsi təcavüz" sayılır və cəzalandırılması tələb olunur.

Müqavilədə yuxarıda göstərilən cinayətlərin törədilməsinə kömək edilməsinin də qanunla cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur.

Konvensiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını şiddət hadisəsinin qurbanlarını hərtərəfli qorumaq üçün dərhal lazımi qanuni və digər tədbirlərin görülməsinə çağırır.

Təhlük yaranan hallarda səlahiyyətlilər məişət zorakılığı törədən şəxsləri zərər çəkmiş və ya risk altında olan şəxsin yaşayış yerini kifayət qədər müddətə tərk etmələrini əmr etmək və onlarla təmasları qadağan etmək səlahiyyətinə malikdirlər.

Etirazçı qadınlar

Şəklin mənbəyi, Getty Images

Konvensiya, qurbanlara hüquq və mənafelərini izah etmək üçün dəstək göstərilməsi xidmətlərini təmin edir, hüquqi yardım və pulsuz hüquqi yardımın göstərilməsinə yol açır.

Müqavilədə müəyyən edilmiş əsaslardan birinə və ya bir neçəsinə görə təqib riski müəyyən olunduğu təqdirdə, həmin risk altında olan şəxsə qaçqın statusununun verilməsi istənilir.

İstanbul Konvensiyasının əleyhdarları nə deyir?

Xüsusilə 2019-cu ildən bəri bəzi qurumlar, təşkilatlar və müəlliflər İstanbul Konvensiyasından Türkiyənin çıxmasına çağırırdılar.

Change.org saytında Türkiyənin İstanbul Konvensiyasından çaxması üçün imza toplama kampaniyası keçirilmişdi.

Hüda-Par partiyası İstanbul Konvensiyasının "cəmiyyətin əsas dayaqlarını məhv edən" bir sənəd olduğunu bəyan edib.

Milli Gazete yazarı Şakir Ziraat öz məqaləsində İstanbul Konvensiyasının "Türkiyənin yaşaması üçün ən böyük təhdid" olduğunu qeyd edərək müqavilənin təxirə salınmadan ləğv olunamsına çağırıb.

Yeni Akit nəşrinin yazarı Ali Erkan Kavaklı isə hesab edir ki, "ailə, kişi və qadınların birlikdə çalışa biləcəyi bir qurumdur. Kişini evdən uzaqlaşdıraraq ailəni yaşatmaq mümkün deyil." Onun fikrincə, xaricdən idxal olunan qanunlar Türkiyədə ailə institunu yaşadaa bilməz. Qəzetçi ölkənin İstanbul Konvensiyasından çıxmasına çağırıb.

Digər ölkələrdə vəziyyət necədir?

Türkiyə bu müqavilədən çıxdıqdan sonra Konvensiyanı imzalamış ölkələrin sayı 45-dən 44-ə, ratifikasiya edənlərin sayı isə 34-dən 33-ə düşüb.

Bolqarıstan, sənədin ratifikasiya prosesi zamanı yaranmış mübahisələrə görə Könvensiyanı Konstitusiya Məhkəməsinə göndərib. Məhkəmə, Konvensiyada cinsiyyət həm bioloji, həm də gender anlayışı kimi göstərildiyini qeyd edərək, bu ikili vəziyyətin ölkə Konstitusiyaya zidd olduğu barədə qərar çıxarıb.

Slovakiya Parlamenti, mühafizəkar partiyalar və qrupların apardıqları kampaniyalardan sonra LGBT hüquqlarının daxil edildiyinə və qadınlar üçün abort hüququnun tanınmasının mövcud dəyərlərə zidd olduğuna görə Konvensiyanı rədd edib.

Konvensiyanı təsdiqləyən ölkələrdən biri olan Polşa ötən ilin iyul ayında müqavilədən çıxacağını rəsmən bəyan edib.

Macarıstanda parlament 2019-cu ilin may ayında hökuməti İstanbul Konvensiyasını təsdiqləməməyə çağıran siyasi bəyannamə qəbul edib. Konvensiyanın Macarıstanın immiqrasiya siyasətinə mənfi təsir göstərə biləcəyi iddia edilir. Konvensiya 2014-cü ildə Macarıstan hökuməti tərəfindən imzalanmış və parlament tərəfindən təsdiqlənmədiyi üçün qüvvəyə minməmişdir.