Ramiz Mehdiyevin nəvəsinin toyu: millət vəkilləri Ramiz Mehdiyevi tənqid etdi, Mehdiyev cavab verdi

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin karantin müddətində toy etməsindən sonra, toyda iştirak etmiş millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası icra katibinin müavini vəzifəsindən istefa verib.

Ötən həftə toydan video yayıldıqdan sonra qudalar - Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və yeni qudası Rövşən Mustafayev həbs edilmiş və mərasimə qatılan digər qonaqlar cərimə olunmuşdu.

Ramiz Mehdiyev baş verənlərlə bağlı bildirib ki, həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. "Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir", bu sözlər Ramiz Mehdiyevdən sitat kimi Elmlər Akademiyasının saytında dərc olunub.

"Pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən də müəmmalıdır", Ramiz Mehdiyev bildirib.

Ramiz Mehdiyev, toy, karantin, bu gün

Şəklin mənbəyi, Science.gov.az

O, eyni zamanda məhkəmənin kürəkəni haqqında verdiyi qərarı "ədalətli" hesab etdiyini deyib.

Daxili İşlər Nazirliyi Siyavuş Novruzov və onun xanımı, hazırda ölkənin Ombudsmanı olan Səbinə Əliyevanın toyda iştiraka görə cərimə olunanlar arasında olduğunu bildirib.

Azərbaycanda koronavirusa görə karantin rejimi tətbiq edilib və kütləvi mərasimlər, o cümlədən toy və yas mərasimləri qadağan olunub.

Facebook sosial şəbəkəsində deputat Siyavuş Novruzovun adına olan səhifədə yazılıb ki, Ramiz Mehdiyev millət vəkilini toya çağırarkən president İlham Əliyevdən icazə aldığını deyib. O daha sonra Ramiz Mehdiyevi bu barədə yalan danışmaqda ittiham edib.

Facebook postunda həm də hakim ailəyə loyallıq izhar olunur.

Bu səhifənin rəsmi olaraq cənab Novruzova aid olub-olmadığını özü ilə dəqiqləşdirmək mümkün olmayıb.

Prezident İlham Əliyevin mətbuat xidmətindən BBC News Azərbaycancaya Ramiz Mehdiyevə toy keçirib-keçirməməsi ilə bağlı icazə verməsi iddiasını nə təsdiq, nə də ki təkzib ediblər.

Prezidentin mətbuat katibi Azər Qasımov deyib ki, "Mətbuatda nə varsa, odur. Siyavuş Novruzov özü deyib, mənim başqa heç bir informasiyam yoxdur".

Toydan yayılan video görüntülər sosial şəbəkələrdə geniş yayıldıqdan və müzakirələrə səbəb olduqdan sonra müxtəlif hazırkı və keçmiş millət vəkillərinin, məmurların şərhləri yayılıb.

Şərhlərdə onlar Ramiz Mehdiyevlə bağlı əsasən mənfi fikirdə olduqlarını qeyd ediblər.

Məsələn, Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbov yerli mediada dərc edilmiş "Xəyanətin astanasından xəyanətkarlığın zirvəsinə doğru" adlı məqaləsində Ramiz Mehdiyevi tutduğu vəzifədən sui-istifadə edərək, qanunların aliliyinə məhəl qoymamaqda və qanunu istədiyi kimi tapdalamaqda və pozmaqda ittiham edib.

Musa Quliyev, Fəzail Ağamalı, Elman Nəsirov kimi millət vəkilləri də öz çıxışlarında Ramiz Mehdiyevi tənqid edib.

"Bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı", - Milli Elmlər Akademiyasının saytında, Ramiz Mehdiyevin məqaləsində belə deyilir.

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmə tərəfindən karantin qaydalarını pozmaqda təqsirli tanınıb. İlham Əliyevlə yanaşı onun yeni qudası Rövşən Mustafayev karantin rejiminin pozulmasına görə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bu toyda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, onun həyat yoldaşı, Eurovision-2008 mahnı müsabiqəsinin 3-cü yer mükafatçısı Aysel Adıgözəlzadə , Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva da cərimələnib.

Siyavuş Novruzov

Şəklin mənbəyi, YAP

Deputat Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası icra katibinin müavini vəzifəsindən istefa verib. 

Yeni Azərbaycan Partiyası (YAP) bildirib ki, Siyavuş Novruzov  bununla bağlı partiya sədri, ölkə pezidenti İlham Əliyevə müraciət edərək, vəzifəsindən azad olunmasını istəyib.

YAP Siyavuş Novruzovun istefa səbəbləri barədə əlavə məlumat verməyib.

Onun istefası Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin karantin müddətində toy etməsi xəbərinin ictimaiyyətə sızması və bundan sonra qudaların həbsi, mərasimə qatılan digər qonaqların cərimə olunması ərəfəsinə təsadüf edir. 

Siyavuş Novruzov həmin toyda iştirak etdiyini yerli mediaya təsdiqləyib. Daxili İşlər Nazirliyi Siyavuş Novruzov və onun xanımı, hazırda ölkənin Ombudsmanı olan Səbinə Əliyevanın da cərimə olunanlar arasında olduğunu bildirib.

Azərbaycanda koronavirusa görə karantin rejimi tətbiq edilib və kütləvi mərasimlər, o cümlədən toy və yas mərasimləri qadağan olunub. 

Siyavuş Novruzov: Ramiz Mehdiyev "Cənab Prezidentdən icazəsini almışam" demişdi

"Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik," Facebook sosial şəbəkəsində deputat Siyavuş Novruzovun adına olan səhifədə bildirilir.

Bu səhifənin rəsmi olaraq cənab Novruzova aid olub-olmadığını özü ilə dəqiqləşdirmək mümkün olmayıb.

Toyda iştirakına görə təəssüfləndiyini açıqlayan Siyavuş Novruzov bildirib ki, "Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən "Cənab Prezidentdən icazəsini almışam" deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir."

"Hətta məclis zamanı onun "Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb" deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar," o qeyd edib.

Bu paylaşımla bağlı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevdən şərh almaq mümkün olmayıb.

Paylaşımda bildirilir ki, hakim partiya üzvü Siyavuş Novruzovun Prezident Administrasiyasının keçmiş rəhbəri ilə "münasibətləri kifayət qədər soyuq olub".

"Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir," paylaşımda bildirilir.

Cərimə olunanlar kimlərdir?

Cərimələnənlər

Şəklin mənbəyi, AZERTAG

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha 6 nəfər cərimələnib.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, onun həyat yoldaşı, Eurovision-2008 mahnı müsabiqəsinin 3-cü yer mükafatçısı Aysel Adıgözəlzadə , Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

"Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib", məlumtda qeyd olunub.

İlham Əliyev

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, İlham Əliyev məhkəmə tərəfindən karantin qaydalarını pozmaqda təqsirli tanınıb

Ötən gün Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmə tərəfindən karantin qaydalarını pozmaqda təqsirli tanınıb. İlham Əliyevlə yanaşı onun yeni qudası Rövşən Mustafayev karantin rejiminin pozulmasına görə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bu qərar Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin "toy mərasimindən" çəkilən videogörüntülərin yayılması ardınca elan olunur.

Məhkəmə prosesi ilə bağlı xəbərində toy görüntülərinin "ictimai qınağa" səbəb olduğunu yazan Azertag agentliyi qanun qarşısında "hamının bərabər" olduğunu qeyd edir.

"Bu reallığı hamı, həmçinin bəzi akademiklər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev də bilməli və başa düşməlidir ki, baş verənlərə görə məsuliyyət daşıyırlar".

Məlumatda deyilir ki, Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyundan yayılan kadrlarda xeyli adamın iştirak etdiyi görünür ki, bu da karantin qaydalarının aşkar şəkildə pozulmasıdır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxlamaq mümkün olmayıb. O, Ramiz Mehdiyev gün ərzində belə bir mərasimin keçirilib-keçirilmədiyini mətbuata nə təsdiq, nə də təkzib edib.

Nə baş verib?

Yerli mətbuat toyun avqustun 18-də Novxanıda bağ evində keçirildiyini bildirir.

Məhkəmə

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Rövşən Mustafayev da məhkəmə qarşısına çıxarılıb

Videoda Ramiz Mehdiyev, Ombudsman Səbinə Əliyeva, millət vəkili Siyavuş Novruzov görünür.

Siyavuş Novruzova töhmət verildi

BBC News Azərbaycanca mərasimdə iştirak etdiyi deyilən, hakim YAP partiyasının icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzovla əlaqə saxlaya bilməyib. Şənbə günü isə YAP partiyası Siyavuş Novruzova karantin rejiminin tələblərini "kobud sürətdə" pozduğuna görə töhmət verib.

Toy barədə internetdə yayılan kadrlarda sosial məsafənin qorunmadığı, qonaqların tibbi maskadan istifadə etmədiyi, yalnız görüntülərə düşən ofisiantların maska taxdığı görünür.

Azərbaycanda avqustun 31-dək xüsusi karantin rejimi qüvvədədir və bütün kütləvi mərasimlər, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib.

Ramiz Mehdiyev, toy, karantin, bu gün

Şəklin mənbəyi, Qafqazinfo

Şəklin alt yazısı, Mediada yayılan videodan görüntü

Həmçinin, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda toplaşması, bütün kütləvi tədbirlər qadağalar siyahısındadır. İndiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 35 mini, ölənlərin ümumi sayı isə 500 nəfəri keçib.

AMEA-nın mətbuat şöbəsinin rəhbəri Ağahüseyn Şükürov BBC News Azərbaycancaya deyib ki, o, yalnız "Elmlər Akademiyasına aid suallara cavab verə bilər".

"Bu, şəxsi məsələdir, mən bilmirəm. Akademiyaya aid sualınız varsa, cavablandırım. Şəxsi məsələləri mən necə cavablandırım?" - o deyib.

Ombudsman Aparatından BBC News Azərbaycancaya yalnız "görüntülərə baxıldıqdan sonra cavab veriləcəyi" bildirilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ombudsman Səbinə Əliyevanın karantin müddətində iddia edilən mərasimdə iştirak edib-etməməsi ilə bağlı sualının cavabında "bu barədə rəhbərliyə məruzə etməli olduğunu" bildirib.

toy, ramiz mehdiyev

Şəklin mənbəyi, Qafqazinfo

Şəklin alt yazısı, Mediada yayılan videodan görüntü

Videoda bir şəxs "Ramiz müəllim" xitabı ilə tost deyərək onun dövlət qarşısında xidmətlərindən danışır.

Sosial mediada bu səsin BDU-nun keçmiş rektoru Abel Məhərrəmova aid olduğu iddia olunur.

Abel Məhərrəmov Report agentliyinə açıqlamasında "Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini" deyib.

"Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb. Mən evdə istirahət edirəm. Sağ olun!" - o, sayta deyib.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü keçirilən brifinqində karantin vaxtı toy keçirilməsi ilə bağlı deyib ki, "bu proseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır".

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycanaya karantin müddətində keçirildiyi iddia edilən bu mərasim barədə hər hansı açıqlama verilməyib.

DİN bundan əvvəl karantin müddətində mütəmadi olaraq, Azərbaycanda gizlin şəkildə keçirilən toy və nişan mərasimlərinə polisin müdaxilə etdiyini və iştirakçıların cərimə olunduğu barədə məlumatlar paylaşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycanaya bu məsələ ilə bağlı "hazırda hər hansı cavabım yoxdur" deyib.

İcmalda başqa xəbərlər

Erdoğan

Şəklin mənbəyi, Anadolu Agentliyi

Erdoğan: Türkiyə Qara dənizdə təbii qaz tapıb

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Qara dənizdə böyük təbii qaz yatağının kəşf olunduğunu bəyan edib. Cümə günü Dolmabahçe sarayında çıxış edən Türkiyə liderinin bu barədə açıqlaması canlı efirdə yayımlanıb.

Recep Tayyip Erdoğan bunu Türkiyə "tarixinin ən böyük qaz" kəşfi kimi səciyyələndirib.

"Türkiyə Qara dəniz tarixində ən böyük qaz kəşfini reallaşdırdı. Fatih gəmimiz 20 İyulda Tuna-1 bölgəsində 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarladı."

Erdoğan həmçinin deyib ki, "Quyudan əldə edilən məlumatlar eyni sahədə daha böyük kəşflərə işarə edir. İnşallah davamı gələcək."

Türkiyənin Fatih adlı gəmisi iyul ayından bəri Qara dənizdə Tuna-1 adlandırılan bölgədə kəşfiyyat işləri aparırdı.

Avqustun 19-da Ankarada ölkənin ilk günəş panelləri zavodunun açılış mərasimində iştirak edən Türkiyə prezidenti demişdi ki, cümə günü "Türkiyədə yeni bir dövr açacaq", "müjdəli xəbər" verəcək. Bu "müjdəli xəbər"in qaz yataqlarının tapılması ilə bağlı ola biləcəyi güman edilirdi.

Recep Tayyip Erdoğanın bugünkü çıxışı bu barədə mediada səslənən ehtimalları təsdiqləmiş oldu.

Reuters agentliyinə müsahibə vermiş Türkiyənin iki rəsmisi demişdi ki, kəşf edilmiş təbii qaz yataqları Türkiyənin 20 illik ehtiyacını qarşılamaq potensialındadır.

Rəsmilər həmçinin demişdi ki, yataqda təxminən 800 milyard kub metr təbii qaz olduğu güman edilir.

Ancaq onların fikrincə, bu yatağın işlənməsi 7 və ya 10 il çəkə, üstəlik, bunun üçün təxminən 2-3 milyard dollarlıq sərmayə lazım ola bilər.

Türkiyə keçən il təxminən 41 milyard dollarlıq enerji idxal edib.

Azərbaycan qazına rəqib olacaqmı?

Yeni enerji resursunun ortaya çıxması, bunun Türkiyəni qazla təchiz edən Azərbaycanın mövqeyinə təsiri ilə bağlı müzakirələr yaradıb.

Energetika məsələləri üzrə analitik, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Azərbaycan qazı öz dəyəri baxımından Türkiyə üçün cazibədar qalacaq. Çünki Qara dənizdəki qaz ehtiyatlarının illik hasilat səviyyəsi çox güman ki, Türkiyənin tələbatını qarşılamayacaq.

"Bu yataqdan 7-8 milyard kubmetr həcmindən artıq hasilat daha çox yatırım tələb edə bilər. Ona görə, yəqin ki, Türkiyə üçün xaricdən qaz almaq hələ də, aktual qalır. Necə ki, hazırda ABŞ edir, o qazı həm xaricdən alır, həm də özü hasil edir," - İlham Şaban BBC News Azərbaycancaya bildirib.

Bəs görəsən daha uzaq perspektivdə Qara dənizdən hasil olunacaq qaz Azərbaycan qazına rəqib ola bilərmi?

SOCAR-da hesab edirlər ki, təbii qaza tələbatın artacağı ilə bağlı proqnozlara görə bu, qeyri-real görünür. "Yaxın gələcəkdə belə bir ehtimal görünmür," - BBC News Azərbaycancaya danışan SOCAR-ın mətbuat xidmətinin rəhbəri deyib.

İbrahim Əhmədovun sözlərinə görə, yaxın illərdə və onilliklərdə təbii qaza olan tələbatın bir qədər artacağı proqnoz edilir deyə, Azərbaycanın enerji ehtiyatlarına maraq azalmayacaq.

Fatih gəmisi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Fatih qazma gəmisi iyul ayından Qara dənizdə kəşfiyyat işləri aparırdı

Türkiyədə tələbat azalarsa?

Amma qaza tələbat azalarsa, Azərbaycan öz qazına bazar tapmaqda çətinlik çəkməyəcək.

"Fərz edək Türkiyədə birdən-birə, məsələn qazdan əgər istifadə olunmadısa, biz həmin həcmləri və daha böyük həcmləri də Avropaya bazarına yönləndirə bilərik".

Hazırda isə, Azərbaycandan gələn qaz Türkiyə üçün gəlir gətirir, çünki o, həm onun hasilatından, həm də nəqlindən "bir az qazanc götürür".

"Buna görə məntiqlidir ki, o, [Türkiyə] Azərbaycan qazına üstünlük verəcək".

2019-cu ildə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə (Cənubi Qafqaz Boru Kəməri- CQBK) Türkiyəyə 9 milyard 141,4 milyon kubmetr, o cümlədən TANAP-la 2 milyard 783,7 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Ötən il Türkiyəyə təbii qaz ixracı əvvəlki illə müqayisədə 1 milyard 934 milyon kubmetr çoxalıb.

2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

Azərbaycanda "məhərrəmlikdə məscid və ziyarətgahlarda təziyələr keçirilməyəcək"

Allahşükür Paşazadə

Şəklin mənbəyi, QMI

Bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri elan edib.

İslam təqviminin birinci ayı - məhərrəm ayının 10-u - Aşura günüdür. Bu il Aşura günü avqust ayının 30-na təsadüf edir.

Din xadimləri ilə videokonfrans formatında keçirilən görüşdə Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Aşura kimi kütləviliyi ilə seçilən, mərasimlər virusa yoluxma baxımından "böyük təhlükə" yarada bilər.

"Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır," - avqustun 21-də qurumun saytında yayımlanan açıqlamada QMİ sədrinin sözləri iqtibas olunur.

Koronavirusa yoluxma hallarının qarşısının alınması ilə bağlı Azərbaycandakı məscid və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb.

Bu il koronavirus pandemiyası ilə bağlı Məkkəyə səyahət qadağasına görə, Həcc ziyarəti də məhdud şəkildə keçirilib.