Paşinyan: "Danışıqlarımızın nəticəsindən, heç olmasa, mən razıyam"

Paşinyan, Merkel

Şəklin mənbəyi, Sean Gallup/Getty Images

"Biz Qarabağ tənzimlənmə prosesinin qarşılıqlı səylər sayəsində baş verməsi və birtərəfli məntiqə əsaslanmamasına dair ümumi fikrə gəlmişik. Və qeyd edə bilərik ki, hazırkı məqamda müzakirələrimizin, danışıqlarımızın nəticələrindən heç olmasa mən razıyam".

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasına ikigünlük rəsmi səfəri zamanı kansler Angela Merkellə mətbuat konfransında deyib.

Mətbuat konfransında Paşinyan və Merkelə "Son aylar Ermənistan və Azərbaycan rəhbərləri görüşüb. Bu görüşlər sülh prosesinin gedişinə necə təsir edə bilər? Və Ermənistanda baş vermiş dəyişikliklər zəminində nə kimi imkanlar görürsünüz?" deyə sual verilib.

"Bu müsbət haldır, lakin sözlər konkret hərəkətlərə təkan verməlidir. Fikrimcə, cənab Baş nazir cəsarətli addımlar atıb, lakin bu, qarşı tərəfdən də cəsarətli addımlar tələb edir. Mən buna əminəm. Lakin son nəticədə hər şey tərəflər arasında razılıqdan asılıdır", Merkel cavab verib.

Paşinyan isə cavabında "hansı cəsarətli addımlardan" söz gedə biləcəyini aydınlaşdırmaq istəyib.

"Bildiyiniz kimi, mən bir neçə ay bundan əvvəl Ermənistan parlamentində çox vacib hesab etdiyim bir bəyanat vermişdim. Mən demişəm ki, Qarabağ məsələsinin istənilən tənzimlənmə variantı Ermənistan xalqı üçün, Qarabağ xalqı üçün və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Və mən ümid edirdim ki, Azərbaycan tərəfindən də bu bəyanata bənzər bəyanat səslənər. Lakin, təəssüf ki, Azərbaycan tərəfindən heç bir rəsmi, heç olmasa yarım səs belə qaldırmadı ki, münaqişənin həlli Ermənistan və Qarabağ xalqları üçün məqbul olmalıdır.

Güman edirəm ki, bu bir bəyanat əhvalatı danışıqlar prosesində mövcud olan vəziyyəti dəqiq əks etdirir və neçə ki Azərbaycan tərəfindən eyni mənalı bəyanatlar səslənmir, bizim bu istiqamətdə irəliləycəyimizə dair, təəssüflər olsun, çox böyük ümidlərimiz ola bilməz.

Əlbəttə, erməni tərəfi danışıqlar prosesində problemi sırf sülh yolu ilə həll etmək məntiqinə sadiqdir. Və mən qeyd etmək istəyirəm ki, müzakirələr zamanı vurğulamışam ki, mən Ermənistan Respublikasının Baş naziri olaraq, Ermənistan Respublikası adından danışıqlar apara bilərəm, lakin Dağlıq Qarabağın adından iştirak edə bilmərəm, aydın səbəbə görə ki, Dağlıq Qarabağ xalqı bizim seçkilərdə iştirak etmir, mən səs verməyib. Onların öz prezidenti, öz parlamenti, öz hökuməti var və Qarabağ xalqı adından danışıqlar prosesində Qarabağ xalqı tərəfindən seçilmiş nümayəndələr danışmalıdır."

Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın "Azərbaycan tərəfinin güzəştləri; münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması" kimi bəyanatına şərh bildirib.

"Münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət "xalq" yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir."

XİN-in bəyanatında həmçinin münaqişənin həlli ilə bağlı qəbul edilən beynəlxalq qətnamə və sənədlər, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə də xatırladılıb.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib.

BMT qəbul etdiyi 4 qətnamə ilə erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.

Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.