Suriya müharibəsi: Rusiyanın hücumu nəticəsində cihadçı lider əl-Cəvlani "ciddi yaralanıb"

Şəklin mənbəyi, HAYAT TAHRIR AL-SHAM
Rusiya deyib ki, Suriyada həyata keçirdiyi hava hücumlarından birində əl-Qaidə ilə əlaqəsi olan cihadçı alyansın liderini və onun 12 səhra komandirini yaralayıb.
Müdafiə Nazirliyi öz mənbələrindən sitat gətirərək, çərşənbə axşamı günü İdlibə hücum zamanı Əbu Məhəmməd əl-Cəvlaninin əzalarını itirdiyini təsdiqləyib.
Rusiya hərbçiləri Həyat Təhrir əl-Şam qrupu komandirlərinin harada görüşəcəklərini öyrəndikdən sonra oraya havadan hücum ediblər, nazirlik əlavə edib.
Cihadçı mənbələr Rusiyanın iddiaları ilə bağlı hələ ki, heç bir şərh yayımlamayıb.
Ancaq qrupla əlaqəli xəbər saytı Rusiya hava qüvvələrinin Əbu əl-Zuhur aeroportunu və məhkəməsini bombardman etdiyini və nəticədə üç nəfərin öldüyünü bildirib.
Bundan öncə iyul ayında Rusiya özünü İslam Dövləti adlandıran qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadini öldürdüyünü bildirmişdi. Ancaq İD bunu təsdiqləməmiş və ötən həftə Bağdadiyə aid olduğu iddia edilən səs yazısı yayılmışdı.



