Səudiyyə Ərəbistanında qadınlar idman stadionlarına buraxılacaq

Saudi women sit in a stadium to attend an event in the capital Riyadh on 23 September

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Keçən ay Ər-Riyadın Kral Fəhd stadionunda Milli Günü qeyd edən bayram tədbirlərində ilk dəfə qadınların iştirakına icazə verilmişdi.

Səudiyyə Ərəbistanı gələn ildən etibarən tarixində ilk dəfə qadınlara stadionlarda keçirilən idman tədbirlərini izləməyə icazə verəcək, rəsmilər bildirib.

Ailələrin stadionlara daxil olmasına icazə üç əsas şəhərdə veriləcək - paytaxt Ər-Riyad, Ciddə və Dammam.

Bu, gender ayrı-seçkiliyi qanunları altında yaşayan Səudiyyə qadınlarının hüquqlarını artıran növbəti addımdır. Bundan əvvəl Səudiyyədə qadınların avtomobil sürməsinə qoyulan qadağa da tarixi bir qərar ilə aradan qaldırılmışdı.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Səudiyyə Ərəbistanı cəmiyyətini müasirləşdirmək və iqtisadiyyatını canlandırmaq üçün bir çox islahatlar aparır.

Səudiyyə Ərəbistanının idman üzrə rəsmiləri üç stadionda "2018-ci ilin əvvəlindən ailələri qəbul etmək üçün hazır olmağa" yönəlik tədbirlərin həyata keçiriləcəyini deyirlər.

Hazırlıqlar çərçivəsində stadionların içində restoranlar, kafelər və ekranlar yerləşdiriləcək. Bundan əvvəl stadionlara yalnız kişilərin girişinə icazə verilib.

line

Həmçinin oxuyun:

line

Dəyişikləri anlamaq

İslahatlar 32 yaşlı Səudiyyə vəliəhdinin neft ixracından asılı olan ölkəyə iqtisadi və sosial dəyişiklər gətirmək üçün elan etdiyi "Vision 2030" layihəsinin bir parçasıdır.

Keçən ay verilən fərmanla gələn ilin iyun ayından qadınlara avtomobil sürməyə icazə veriləcəyi bəyan edilib. Konsertlərin keçirilməsinə bir daha icazə verilib və kinoteatrların bir daha fəaliyyətə başlaması gözlənilir.

Women walk on Tahlia street in the Saudi capital Riyadh on 24 September

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bu islahatlara baxmayaraq, səudiyyəli qadınlar sərt məhdudiyyətlərlə yaşamağa davam edirlər.

Çərşənbə günü şahzadə Məhəmməd Səudiyyənin "mötədil İslama" dönüşünü onun ölkəni müasirləşdirmə planı üçün çox vacib olduğunu deyib.

O Səudiyyə Ərəbistanı əhalisinin 70 faizinin yaşı 30-dan aşağı olduğunu vurğulayaraq əlavə edib ki, bu gənc nəsil "bizim dinimizin tolerantlığa çeviriləcəyi bir həyat" istəyir.

Lakin ekspertlər onun istəklərinin risklərinin də olduğunu deyiblər.

Keçən ay Ər-Riyadın Kral Fəhd stadionunda Milli Günü qeyd edən bayram tədbirlərində qadınların ilk dəfə iştirakına icazə verilməsi sosial şəbəkələrdə mühafizəkarların sərt tənqidlərinə səbəb olub.

Lakin bu addımlarla yanaşı süni İslamın ifrat mühafizəkar vəhabbi məzhəbinə riayət edən Səudiyyə Ərəbistanında qadınlar hələ də sərt məhdudiyyətlərlə yaşamağa davam edirlər.

Buna əsasən qadınlar, geyimlərini müşahidə edən sərt qaydalara riayət etməli və tanış olmadıqları kişilərlə heç bir əlaqə qurmamalıdırlar.

Əgər onlar səyahət, işləmək və ya tibbi xidmətlərdən istifadə etmək istəyirlərsə, onlarla bir qəyyum olmalıdır və ya qəyyumun yazılı icazəsi lazımdır.