"Unikal və təsirli an": dişi şir leopard balasına ana südü verir

Nosikitok adlı dişi şir və leopard balası.

Şəklin mənbəyi, Joop Van Der Linde/Ndutu Lodge

Şəklin alt yazısı, Ekspert Luke Hunter-in sözlərinə görə, belə bir hadisəni görmək həyatda adama yalnız bir dəfə nəsib ola bilər.

Tanzaniyanın Ngorongoro qoruğunda fotoqraflara ilk dəfə olaraq dişi şirin leopard balasına ana südü verməsini müşahidə etmək nəsib olub.

Beş yaşı olan Nosikitok adlı dişi şirin özünün də üç balası var. Şir balaları və leopard balasının hamısının yaşı cəmi 2-3 həftədir.

"Bu, unikal hadisədir. - Heyvanların mühafizəsi ilə məşğul olan Panthera təşkilatından doktor Luke Hunter deyib. - Bir şirin digər şirin balasına baxması halları qeydə alınıb. Lakin şirin leopard balasına da analıq etməsi hələ görünməmişdi".

Adətən, şir digər növ iri vəhşi pişiyin balasını gələcək rəqibi sayaraq, onu məhv etməyə çalışır.

Ana şir və leopard balası

Şəklin mənbəyi, Joop Van Der Linde/Ndutu Lodge

Şəklin alt yazısı, Nosikitok adlı dişi şirin öz balaları da var.

Boynuna keçirlmiş xaltada GPS ötürücüsü olan dişi şir, leopard balasını yuvasından 1 km məsafədə tapıb. Bala leopardın bəxti gətirib ki, həmin anda şirdə ana hormonlarının səviyyəsi yüksək olub. Dişi şir ana instiktinə uyğun olaraq leopard balasına ana qayğısı göstərməyə başlayıb.

Leopard balası

Şəklin mənbəyi, Joop Van Der Linde/Ndutu Lodge

Şəklin alt yazısı, Leopard balasının cəmi 2-3 həftə yaşı var
Leopard balası

Şəklin mənbəyi, Joop Van Der Linde/Ndutu Lodge

Şəklin alt yazısı, Leopard balasının bəxti gətirib, doktor Hunter bildirib.

Qoruq əməkdaşlarına ətraf ərazidə dişi leopardın balaları ilə birgə yaşadığı məlum olub.

Ekspertlər hesab edir ki, sözügedən leopard balasının öz anası ilə qovuşması yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu olardı.

Dişi şirin leopard balasına hələ nə qədər ana qayğısı göstərəcəyi məlum deyil.

1-1,5 ildən sonra leopard balası böyüyəcək və özünü leopardlara xas olan tərzdə aparmağa başlayacaq.

Leopard balası

Şəklin mənbəyi, Joop Van Der Linde/Ndutu Lodge

Şəklin alt yazısı, Leopard balasının, anası ilə tezliklə qovuşacağına ümidlər var

Doktor Hunter-in sözlərinə görə, o, həmkarları ilə birgə hadisələrin necə inkişaf edəcəyini böyük maraqla izləməyə hazırdır.

"Canlı təbiət gözlənilməz sürprizlər mənbəyidir. Dünənə kimi biz belə bir hadisəni ağlımıza da gətirə bilməzdik. Amma, buyurun baxın - qarşımızdadır!", - ekspert deyib.