Mətbuat icmalı: AZAL Nyu Yorka Dreamliner təyyarəsi ilə uçur

Şəklin mənbəyi, Getty

"Azadlıq": Tale Bağırzadə Müsəlman Birliyi Hərəkatı ərafında baş verənlərə münasibət bildirib

“İlahiyyatçı Tale Bağırzadə və onun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatı son günlər rəsmi təbliğatda xüsusi hədəf alınıb. Bu təşkilat və Tale Bağırzadə “radikal İslamçılqda”, xarici qüvvələrin təsiri ilə ölkədə qarışıqlıq yaratmaq istəyində ittiham olunur. Bununla bağlı hakimiyyətə yaxın saytlarda xüsusi məqalə dərc olunub, “Xəzər” televiziyasında süjet verilib. Bütün bu kampaniyaya formal səbəb isə Müsəlman Birliyi Hərəkatı üzvlərinin Sabunçu Polis İdarəsinin qarşısına toplaşıb təşkilatın orada saxlanan İdarə Heyətinin sədri Elçin Qasımova azadlıq tələb etməsidir.” Hazırda Elçin Qasımov və polis idarəsi qarşısındakı gərginlik vaxtı saxlanan daha on nəfər MBH üzvünün 10-30 sutkalıq inzibati həbsdə olduğu bildirlir.

Tale Bağırzadə deyib ki, bu, dövlət orqanları arasındakı çəkişmənin nəticəsi də ola bilər.

“Tale Bağırzadənin fikrincə, belə hərəkətlərlə onları təxribata çəkmək, ölkənin gündəmini dəyişmək istəyirlər: “Dindarları təxribata çəkirlər, onları radikal addımlar atmağa təhrik etmək istəyirlər. Bu, MTN işi və digər hakimiyyətdaxili problemlərin cəmiyyətdən gizlədilməsi, onların ört-basdir edilməsi cəhdi də ola bilər. Bizi zorakılıqla əlaqələndirmək istəyirlər. Biz mövqeyimizi hər zaman tam aydın bəyan etmişik. Bizim mübarizəmiz dinc mübarizədir. Biz islahat yolu ilə, seçki yolu ilə hakimiyyətin dəyişdirilməsinin tərəfdarıyıq”.

Hakimiyyət mediasında onların haqqında yer alan məqalə və süjetə gəlincə, Tale Bağırzadə bildirib ki, bu, artıq biabırçılıqdır və bununla bağlı mövqelərini yaxın günlərdə ictimaiyyətə açıqlayacaqlar.”

"Azadlıq": Müdafiə Nazirliyinin şöbə rəisi vəzifəsindən azad edilib

Qəzetin yazdığına görə “Müdafiə Nazirliyində vacib şöbələrdən birinin rəisi" tutduğu vəzifədən azad olunub.

Buna səbəb, iddia olnduğuna görə, həmin şöbə rəisinin işində yol verdiyi nöqsanlar olubmuş.

“Bundan əlavə, son vaxtlar nazirliyə edilən zənglərin qanunsuz olaraq dinlənilməsi və bununla bağlı hərbiçilərin narazılığı, çoxsaylı müraciətlərin edilməsi də" səbəb kimi göstərilir.

"Azərbaycan": Artıq AZAL Nyu Yorka “Boeing 787-8” Dreamliner təyyarəsi ilə uçur

“Noyabrın 7-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı- Nyu-York-Bakı marşrutu üzrə müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarə ilə həyata keçirməyə başlayıb.

Noyabrın 7-də səhər saat 8-də Bakıdan havaya qalxan təyyarə 11 saat 50 dəqiqədən sonra Nyu-Yorkun Con Kennedi beynəlxalq hava limanında enib. Təyyarəni Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, Nyu-Yorkda isə AZAL-ın bu şəhərdəki nümayəndələri qarsalayıblar.

“Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

…Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir.”