AZAL aşağı büdcəli uçuşlarda baqaj qiymətini endirib

Şəklin mənbəyi, Gunel Sefer

Azərbaycan Hava Yolları (AZAL) şirkəti aşağı büdcəli (lou-kost) reyslərdə baqaj qiymətini endirib.

Şirkət bazar ertəsi bildirib ki, sərnişinlər aşağı büdcəli reyslərdə hər baqaj üçün "əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro (29.14 AZN) ödəyəcəklər".

İyulun 22-də AZAL bəyan edib ki, "daha çox tələbat olan" İstanbul, Antalya, Dubay və Moskva istiqamətlərində qiyməti 99 avro olan reyslər açıb. Həmin vaxt şirkəti tənqid edən sosial media istifadəçiləri və ekspertlər bildirib ki, vergiləri və baqaj ödəmələrini gediş-dönüş biletlərinin qiymətləri ilə birləşdirəndə yeni qiymətlər köhnə qiymətlərdən "fərqlənmir".

AZAL, həmçinin bütün reyslərə 20-30 faiz endirim etdiyini açıqlayıb.

Endirimlər, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması barədə tənqidlərindən sonra baş verib.

Yeni aşağıbüdcəli marşrutlara görə, avqustdan Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3, sentyabrdan Bakı-İstanbul-Bakı reysi üzrə gündə 1, oktyabrdan isə hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 və Bakı-Dubay-Bakı reysi üzrə 1 uçuş həyata keçiriləcək.

Şirkət bildirir ki, standart “lou-kost”dan fərqli olaraq AZALın “lou-kost” xətlərinin "özəllikləri var".

"Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş alınmayacaq".

"Embraer" təyyarələri ilə həyata keçiriləcək lou-kost uçuşlar üçün biletlərin qiyməti bütün rüsumlar daxil olmaqla, sabit şəkildə bir tərəf üçün 99 avrodur. Bu qiymətə, əl yükü də daxildir, lakin sərnişinlər hər bir baqaj üçün 25 avro ödəyəcək. İlk endirimlər zamanı baqajın qiyməti 50 manat idi.

Bütün aviareyslərin qiymətlərinə gəldikdə isə, avqustun 1-dən ekonom-klass tariflərinə 20-30% arasında endirim ediləcək.

"Ən çox istifadə edilən" reyslərə 21 faiz edilib. Belə ki, Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya, Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya və Bakı-Dubay-Bakı reysi üzrə isə 272 avrodan 216 avroya düşüb. Baku-London-Baku reysinə də 21 faiz endirim edilib, nəticədə biletlərin qiyməti 464 avrodan 366 avroya endirilib.

Bundan əlavə, şirkət, ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırıb və nəticədə təyyarənin tipindən asılı olaraq belə yerlərin sayı 32-61 arasında dəyişir.