Vəkil: “Leyla Yunus yarımcan vəziyyətdədir, bəlkə də həyatının son həftələridir”

Şəklin mənbəyi, Reuters
Casusluq maddəsi ilə məhkəməyə qədər həbsdə saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun vəziyyəti “acınacaqlıdır” və aparılan müalicə xəstəliyə “adekvat deyil”.
“Bu insandan məhrum ola bilərik və o dünyasını dəyişə bilər. Təcridxanada mənə özünün verdiyi məlumata görə, bəlkə də onun həyatının son aylarıdır, bəlkə də son həftələridir”, çərşənbə günü Yunusla görüşən vəkil Ramiz Məmmədov BBC Azərbaycancaya deyib.
Ədliyyə Nazirliyinin Tibb Baş İradəsinin rəisinin müavini İftixar Qurbanov vəkilin dediklərini təkzib edib və hüquq müdafiəçisinin “həyati təhlükəli heç bir xəstəliyinin” olmadığını deyir.
Çərşənbə axşamı hüquq müdafiəçisi ilə görüşən vəkil Ramiz Məmmədov onun “yarımcan vəziyyətdə” olduğunu deyir.
Qaraciyərdə parçalanma
Ötən həftənin sonunda yerli media vəkil Elçin Qəmbərova istinadən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəziyyətinin “kəskin ağırlaşması” haqda xəbər yayıb.
Vəkil hüquq müdafiəçisinin qaraciyərində parçalanmanın başladığını, halsız olduğunu və kəskin arıqladığını bildirib.
Ombudsman Aparatının əməkdaşı Vüqar Məmmədov hüquq müdafiəçisinin səhhətinin daim nəzarətdə saxlanıldığını və müayinələrin onun səhhətində “ciddi problem olmadığını göstərdiyini” bildirib.
Məmmədov 2-ci tip diabet xəstəsi Yunusun qaraciyərində parçalanma başlaması ilə bağlı vəkilin dediklərindən “xəbərsiz olduğunu” və tezliklə onunla görüşəcəyini qeyd edib.
Vəkilin narahatlığı
“Vəkil həkim deyil. Təcridxanada Penitensiar Xidmət Baş Tibb müəsisəsi, Müalicə müəssisəsi və sanitarya şöbəsi var, amma bunların heç birisinin müalicəsi adekvat deyil”, vəkil Məmmədov BBC Azərbaycancaya deyib.
Baş Tibb İdarəsinin rəis müavini Leyla Yusunun vəziyyətinin “kafi” olduğunu və onun yalnız şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirib. “Qaraciyərindən götürülmüş laborator analizlərinin nəticələrində qaraciyərin funksialarının normal olduğu görünür.
Onda kəskin arıqlama müşahidə edilmir”, İftixar Qurbanov əlavə edib.
Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus dövlətə xəyanət, dələduzluq və vergidən yayınma kimi ittihamlar əsasında iyulun 30-da həbs edilib.
Oktyabrın 28-də onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin vaxtı daha 4 ay uzadılıb.
Sentyabrın 25-də hüquq müdafiəçisinin vəkillərinin birgə yaydığı məlumatda, Leyla Yunusun istintaq təcridxanasının əməkdaşı tərəfindən "fiziki zorakılıq" məruz qaldığı bildirilib.
Baş prokuror Zakir Qaralov Leyla Yunusun təcridxanada zorakılığa məruz qalması haqda vəkillərinin iddialarını "uydurma" adlandırıb.
Oktyabrın ortasında ABŞ Dövlət Departamenti Leyla Yunusun "pisləşən səhhətinə baxmayaraq" məhkəməyə çıxarılmadan həbsdə saxlanılması ilə bağlı "ciddi narahatlıq” keçirdiyini bildirib.
Avropa Şurasının İnsan Haqları üzrə komissarı Neil Muznieks Azərbaycana son səfəri haqqında şərhlərində Leyla Yunusun səhhəti barədə də yazıb.
“Mənim Azərbaycandakı bütün həmkarların həbsxanadadırlar. Leyla Yunusu Bakının ətrafındakı məhkəməyə qədər təcridxanalardan birində görmək ürək ağrıdırdı” – komissar yazır.
Nils Muiznieks bildirir ki, 58 yaşlı Leyla Yunusun səhhəti bərbad vəziyyətdədir, lakin ona ən çox iztirab verən 26 ildir evil olduğu həyat yoldaşı, özü də həbsdə olan Ariflə görüşdən məhrum edilməsidir.





