Baş prokuror:"Leyla Yunusa zorakılıq törədilməsi uydurma məlumatdır"

Baş prokuror Zakir Qaralov Leyla Yunusun təcridxanada zorakılığa məruz qalması haqda vəkillərinin iddialarını "uydurma" adlandırıb.
"Yaxınlarda mətbuatda guya Leyla Yunusovaya qarşı hər hansı zorakılıq törədilməsi barədə yayılanlar uydurma məlumatdır. Dərhal ekspertiza keçirilib, heç kəsə xəsarət yetirilməyib", Trend Agentliyi Qaralovdan sitat gətirir.
Sentyabrın 25-də hüquq müdafiəçisinin vəkillərinin birgə yaydığı məlumatda, onun istintaq təcridxanasının əməkdaşı tərəfindən "fiziki zorakılıq" gördüyü bildirilib.
"Leyla xanım bildirib ki, çərşənbə axşamı, günün ikinci yarısı Bakı İstintaq Təcridxanasının əməkdaşı mayor Yaqubov onun kamerasına gəlib, onun qolunu buraraq kameradan çıxarıb, kənarda olan boş kameraya aparıb. Orada saçından tutub yerə yıxıb və yerdə sürüyüb", müraciətdə bildirilir.
Baş Prokuror Leyla Yunusun vəkillə təmin olunduğunu və istənilən vaxt müdafiəçisi ilə görüşə bildiyini deyib.
"Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, bu istintaqın tam obyektiv aparılması təmin olunacaq və nəticələri barədə əlavə məlumat veriləcək", cənab Qaralov əlavə edib.
Tibbi Baş İdarə Leyla Yunusun səhhətinin "stabil" olduğunu deyir
Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsi Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiçisi Leyla Yunusun vəziyyətinin "stabil" olduğunu bildirib.
"Bakı İstintaq Təcridxanasında həkimlər daim fəaliyyət göstərir, o cümlədən Leyla xanıma da baxıblar. Bu gün də vəziyyəti stabil olub. Səhhəti ilə əlaqədar hər hansı tibbi tədbir görmək narahatçılığı yoxdur", idarənin rəis müavini İftixar Qurbanov BBC Azərbaycancaya deyib.
Çərşənbə axşamı təcridxanaya gedən vəkil Elçin Qurbanov hüquq müdafiəçisi ilə görüşə bilməyib. Vəkil Xalid Bağırov BBC Azərbaycancaya deyib ki, Yunus vəkil vasitəsilə göndərdiyi kiçik məktubda "ayaqlarının ağrıdığını və buna görə gələ bilmədiyini" yazıb.
"Bizə qaranlıqdır ki, bu görüşə icazə verilməmə, şərait yaradılmamaqdır, yoxsa Leyla xanımın özünün istəyi? Leyla xanım özü yazıb ki, durub ayağa gələ bilmirəm və özümü yaxşı hiss etmirəm. Göndərdiyi məktubda belə yazıb", vəkil bildirib.
Tibbi Baş İdarənin rəsmisinin sözlərinə görə, Leyla Yusunun ayağında "hansısa problem aşkarlanmayıb".
"Həkim müayinəsi altındadır. Təcridxanada tək Leyla xanıma yox, bütün məhkumlara tibbi yardım göstərən heyət çalışır. İstənilən anda müraciət edənlərə tibbi xidmət əlçatandır", Qurbanov əlavə edib.
Vəkil Bağırov hüquq müdafiəçisinin öz şəxsi həkimi ilə müayinə olunması ilə müraciət etdiyini deyir.
"Bununla bağlı da müraciət etmişik. Dünən vəkillər adından elədiyimiz müraciətə də hər halda reaksiya verilməlidir. Bundan sonra biz bütün müraciətlərimizi Avropa Məhkəməsi üzərindən edəcəyik", o qeyd edib.
Onun sözlərinə görə, yaxınlarından Leyla Yunusla görüşməyə icazə verilən şəxs yoxdur və yalnız ona sovqatlar ötürülməyə icazə var.
İyulun 30-da Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus Baş prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadəsi alındıqdan sonra onun barəsində məhkəməyə qədər 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi hüquq müdafiəçisinin dövlətə xəyanət, dələduzluq və vergidən yayınma və qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunduğunu açıqlayıb.
Bazar ertəsi vəkillər Cavad Cavadov, Xalid Bağırov və Əlayif Həsənovun birgə yaydığı müraciətdə müvəkkilləri ilə görüşə bilmədikləri qeyd olunub.
"İstintaq otağına baxan nəzarətçilər Leyla Yunusun xəstə olduğunu və görüşə gəlmək istəmədiyini bildiriblər. Leyla Yunusun saxlandığı kamerada yaranmış son situasiyalar fonunda vəkillə görüşə gətirilməməsi, onunla telefonla əlaqə saxlamasına imkan verilməməsi, bunun səbəbi kimi onun xəstə olmasının göstərilməsi bizdə qeyri-müəyyən fikirlər və ciddi narahatçılıq yaradır", müraciətdə bildirilib.
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən BBC Azərbaycancaya "vəkillərin indiyənə qədər dediklərinin doğru olmadığını faktlarla sübut edirik" deyilsə də, hansı faktlar olduğu açıqlanmayıb.
Bundan əvvəl Yunus mayın 2-də"dövlətə xəyanətdə" ittiham edilən jurnalist Rauf Mirqədirovun həbsi ilə əlaqədar "şahid qismində dindirilib".
Hüquq müdafiəçisi bildirib ki, evində və ofisində aparılan axtarışlar zamanı onların pasportları və evinin sənədləri müsadirə edilib. Bu səbəbdən Yunuslar ailəsi sonrakı dindirilmələrə getməyib.




