Azərbaycan cəbhə xəttində itkilər verib

Şəklin mənbəyi, AFP
Cəbhə xəttində silahlı insident nəticəsində Azərbaycan Ordusunun əsgərləri həlak olub.
"3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub", Azərbaycanın Müdafiə Nazirliyi açıqlayıb.
Hadisə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttində baş verib.
Azərbaycan prezidenti İlham Əliyevin cəbhə xəttində baş vermiş insidentlə bağlı reaksiyası məlum deyil, onun mətbuat katibi BBC Azərbaycancaya deyib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstərib.
Erməni kəndləri
"Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib", Nazirliyin saytına yerləşdirilən məlumatda deyilir.
Tanınmamış Dağlıq Qarabağ Müdafiə Nazirliyinin məlumatına görə , Azərbaycan qoşunları iyulun 31-də Dağlıq Qarabağa hücum edib və nəticədə iki erməni əsgər ölüb.
Bundan başqa, Azərbaycan MN ötən gün Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində 37 yaşlı gizirin və Ağdam rayonunda 22 yaşlı əsgərin şəhid olduğunu açıqlayıb.
Ermənistan mediası isə Azərbaycan Silahlı Qüvvələrinin gecə saat 4-dən səhər 8-ə qədər sərhədyanı kəndləri atəşə tutduğunu bildirib.
Berkaber kənd sakini news.am saytına bildirib ki, itki olmasa da, evlərə, bağlara və yollara maddi ziyan dəyib.
İntensivləşən döyüşlər
Azərbaycanın Müdafiə Nazirliyi ötən gecə ərzində atəşkəs rejiminin 71 dəfə pozulduğunu da qeyd edib.
Hərbi məsələlər üzrə təhlilçi Cəsur Sümərinli hesab edir ki, bu, cəbhə xəttində gərginliyin "artan xətt" üzrə hərəkətidir.
"Əslində cəbhədə hər an hər şey ola bilər, müharibə təhlükəsi də ola bilər, lakin düşünürəm ki, vəziyyət hər iki tərəfin nəzarəti altındadır, idarə edilən şəkildədir".
Sümərinli onu da əlavə edir ki, rəqəmlər təsdiqlənərsə, bu, son 12 ildə Azərbaycanın ən çox döyüş itkisi verdiyi il ola bilər. Rəqəmlər təsdiqlənərsə, bu il Azərbaycanın verdiyi əsgər itkisinin sayı 22 nəfər olacaq.
Digər təhlilçi Üzeyir Cəfərov baş vermiş hadisəyə görə yerli komandanlığı və kəşfiyyat rəisini "birbaşa məsuliyyət daşıdığını" deyib.
"Çünki Ermənistanın diversiya qrupu bizim ön xəttə soxulub, bizim postda dayanan əsgərlərimiz qətlə yetiriləndən sonra aralıda növbəsini gözləyən əsgərlərə də basqın həyata keçirilib, onlar da məhv ediləndən sonra onların silahı sursatı, rabitəsi götürülüb və Ermənistan tərəfə geri qaytarılıb", Cəfərov əlavə edib.
Bundan əlavə təhlilçi yayılan informasiyalara görə Müdafiə Nazirliyini tənqid edib.
"Hərbin qaydaları var. Hücum edən tərəf müdafiə olunan tərəfdən daha çox itki verir. Müdafiə Nazirliyi məlumatı belə verir ki, guya düşmənin diversiya təxribat qrupu öncədən aşkarlanıb və sonra əsgərlərimiz onlarla atışmada itki veriblər. Axı bu ağ yalandır. Necə ola bilər ki, bu düşmənin itkilərindən biri də ortada yoxdur?".
Bu hadisələr fonunda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri cümə günü Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirib, Müdafiə Nazirliyi monitorinqin insidentsiz keçdiyini açıqlayıb.




