Sülh və Demokratiya İnstitutu Azərbaycanda "siyasi məhbusların siyahısını" açıqlayıb

Sülh və Demokratiya İnstitutu Azərbaycanda "siyasi motivlərlə həbs olunanların siyahısını" açıqlayıb.

İnstitut rəhbəri Leyla Yunus deyib ki, ötən il ərzində Azərbaycanda 49 nəfər vicdan məhbusu həbs olunub.

Onun sözlərinə görə, Azərbaycanda 38-i vicdan məhbusu, 97-i siyasi məhbus olmaqla ümumilikdə 134 nəfər siyasi motivlərlə həbs olunub.

Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda verdiyi bəyanatında Azərbaycanda siyasi məhbus olmadığını bildirib.

Hesabat

Leyla Yunus Bakıda jurnalistlərə deyib ki, 134 nəfərdən 116-ı artıq məhkum olunub, 6-nın istintaqı davam edir və 12 nəfərin məhkəmə prosesi başlayıb.

“Bu siyahıya 11 nəfər jurnalist və blogger başçılıq edir, bunların bəzilərinin istintaqı davam edir, digərləri məhkum olunub. Siyasi motivlərlə həbs olunanların üçü hüquq müdafiəçisidir”.

Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Baş katibi Anders Fogh Rasmussen ilə birgə mətbuat konfransında deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

“Avropanın və dünyanın ən mühüm qurumlardan biri bu fikri dəstəkləyir. Biz Avropa Məhkəməsinin qərarlarına riayət edirik və kiminsə məhkəmənin qərarı ilə bağlı şikayəti varsa, Avropa Məhkəməsinə şikayət edə bilər", ölkə başçısı bildirib.

Dindarlar

Hakimiyyətin sosial şəbəkələrdə gənclərin fəalllığından ehtiyat etdiyini deyən xanım Yunus bildirib ki, bu il ilk dəfə olaraq həbs olunan dindarlar vicdan məhbusları siyahısına əlavə edilib.

“Bu göstərir ki, indiki rejim müsəlmanları təqib edir. 2007-ci ildə həbs olunan 10 dindarın məhkəməsi qapalı keçirilib, amma 7 il araşdırmalarımızdan sonra məlum olub ki, Rövşən Məmmədov adlı məhkum işgəncələrdən ölüb və digərləri uzun müddətli həbsə məhkum ediliblər”.

İnstitut rəhbəri deyib ki, teoloq Taleh Bağırov və İslam Partiyasının sədri Mövsüm Səmədov dindar fəal olaraq öz siyasi fikirlərini açıq ifadə etdiklərinə görə həbs cəzası alıblar.

Azərbaycan hakimiyyəti dinə qarşı tolerant olduğunu dəfələrlə verdiyi bəyanatlarında bildirib.

Məmurlar

Siyahıya dörd keçmiş dövlət məmurunun da daxil edildiyini bildirən xanım Yunus deyib ki, ümumilikdə 61 nəfər dindar fəal siyahıya düşüb.

“2003-2007-ci illərdə əsasən Daxili İşlər Nazirliyi və OMON-un əməkdaşlarının ən çox adları çəkilirdisə, yeni siyahıda həbs olunan dindarların sayı üstünlük təşkil edir”.

Xanım Yunus siyahının sonuna ömürlük həbsə məhkum olunan 21 nəfərin adının qeyd olunduğunu deyib.

“Ötən ilin yanvarında bizim siyahıda 85 nəfər siyasi məhbus var idisə, bu il bu rəqəm 134-ə qalxıb. Yəni bir il ərzində 50-ə yaxın siyasi və ictimai fəal həbs olunub. Buna səbəb ötən il Avropa Şurası Parlament Asssambleyasında Kristofer Ştrasserin hazırladığı hesabatın əleyhinə Avropalı deputatların səs verməsi olub”, o qeyd edib.