İlham Əliyev: "Çörəyin qiymətinin qalxması qaçılmaz idi"

İlham Əliyev: "Çörəyin qiymətinin qalxması qaçılmaz idi"

Şəklin mənbəyi, President.az

Prezident İlham Əliyev çərşənbə günü yerli televiziya kanallarına verdiyi müsahibədə deyib ki, Azərbaycanda çörəyin qiymətinin qalxması "qaçılmaz idi", çünki dünyada taxılın və buğdanın qiyməti "kəskin artıb".

O söyləyib ki, Azərbaycan ən ucuz buğdanı Rusiyadan alır və əsas təchizaçtı kimi bu ölkədə həm qiymətlər, həm də ixrac rüsumları artdığına görə, Azərbaycan da çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdi.

Azərbaycanda 2022-ci il, yanvarın əvvəlində unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyi də 15 qəpik bahalaşıb.

Ondan bir neçə gün öncə iri un və çörək istehsalçıları əhaliyə müraciət edərək "zavod" çörəyi kimi təsnif olunan dairəvi çörəyin qiymətinin 10-15 qəpik artacağını bildirmişdi.

Prezident bildirib ki, bir müddət öncə maaş və digər ödənişlərin artırılmasını bahalaşmanın "təzminatı kimi" qiymətləndirmək olar.

"Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır."

Zəngəzur dəhlizi

İlham Əliyev "Zəngəzur dəhlizi"ndən həm dəmiryolu, həm də avtomobil yolunun keçəcəyini, gələcəkdə oradan Naxçıvana elektrik və qaz xətlərinin çəkilməsi barədə planların olduğunu bildirib.

O bildirib ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq rəsmən müraciət ediblər.

Cənab Əliyevin sözlərinə görə, regionda kommunikasiyaların açılması üzrə Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını incələyib.

İlham Əliyev deyib ki, Ermənistan Naxçıvanla Azərbaycanın digər hissəsini birləşdirəcək dəmiryolu və avtomobil yolunun inşasına etiraz etsə də, sonradan "razılıq verib" və bu, artıq "təsdiqlənib".

"Hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur, haradan keçəcək. Bizim əsas şərtimiz ondan ibarətdir ki, ən qısa marşrut olmalıdır və ilin bütün fəsillərində bu marşrutdan istifadə etmək mümkün olsun. Çünki orada həm hava şəraiti bəzi yerlərdə əlverişsizdir, həm relyef. Bax belə. Bu dəhlizlə bağlı məsələ bu yerdədir".

Qarabağdakı sülhməramlılar

İlham Əliyev Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini əsasən müsbət qiymətləndirib, lakin prezidenti qıcıqlandıran məqamlar da olur:

"Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram".

Prezident söyləyib ki, sülhməramlıların fəaliyyəti ilə bağlı bəzi məsələlər ikitərəfli əlaqələrə "problem yarada bilərdi", lakin bu, baş vermədi.

İlham Əliyev deyib ki, "qıcıq doğuran" məsələlərdən biri Qarabağa edilən qanunsuz səfərlərdir.

O, bununla bağlı rəsmi qaydada Rusiya tərəfinə və sülhməramlı missiya rəhbərinə irad bildirildiyini, bəzi hallarda isə "biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub" kimi cavablar verildiyini bildirib.

"Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, "görməmişik, bilməmişik" demək, qeyri-ciddidir".

Prezidentin sözlərinə görə, digər "qıcıq doğuran" məsələ isə Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayının gedənlərin sayı ilə böyük fərq təşkil etməsidir.

"Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz".

İlham Əliyev bunun "qəbuledilən məsələ olmadığını" bildirib.

Prezident Ermənistanla sülh müqaviləsi barədə

İlham Əliyev söyləyib kİ, Azərbaycan "sülh gündəliyini" Ermənistana təqdim edib və demarkasiya ilə bağlı "çox aydın təkliflər" irəli sürüb.

"Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir".

O deyib ki, Ermənistan tərəfi müqaviləni imzalamaq barədə "tərəddüd edir".

İlham Əliyev "demokratiya zirvəsi" barədə

Prezident deyib ki, Qarabağ müharibəsi zamanı Fransa vasitəçi kimi neytral olmalı olsa da, "birmənalı şəkildə Ermənistan tərəfini tutdu".

O, ABŞ-ın da eyni addımı atdığını bildirib.

"Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistanı dırnaqarası "demokratiya zirvəsinə" dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrı-seçkilikdir.

İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası "zirvə görüşündə" iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir və bu, onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq".

İlham Əliyev: "Bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir"

Prezident korrupsiya ilə mübarizədə ictimai nəzarətdən danışıb və medianın rolunu qeyd edib.

"Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür".

İlham Əliyev deyib ki, "dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir".

Prezident korrupsiya imkanları olan sahələrdə məmur-vətəndaş təmaslarının "minimuma endirilməli" olduğunu bildirib.

"Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin".