Ağdam: xarabalığa dönmüş şəhərdə bir gün

Ağdam teatrının qalıqları
    • Müəllif, Səadət Akifqızı, Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca

Ağdamın işğaldan azad edilmiş ərazilərinə doğru uzanan yolboyu bir neçə şey diqqəti dərhal cəlb edir: dağıntılar və mina xəbərdarlığı edən lövhəciklər.

1993-cü il işğalından sonra Ağdam rayonu iki hissəyə ayrılmışdı: Azərbaycanda qalan hissələrdə həyat qaynayır, təmas xəttindəki kəndlərdə insanlar gündəlik qayğıları ilə məşğuldurlar. Onlar hətta neytral zonada da əkib-becərirlər.

Amma elə ki, neytral zona arxada qalır, ucsuz-bucaqsız çöllük başlayır. Bu çöllükdə sıralanan dirəklər buraların nə vaxtsa üzüm bağları olduğundan xəbər verir.

Bir neçə kilometrdən sonra vaxtilə erməni hərbçilərinin qurmuş olduqları postlar görünür: geri çəkilən erməni ordusundan yalnız daş-kəsək qalıb.

Yolboyu bəzi yerlərdə ağacların qırılması 44 günlük müharibədə buraların mərmi yağışı altında olmasına işarə edir.

maşın

Şəklin mənbəyi, BBC

15-20 dəqiqədən sonra Ağdam şəhərinə çatırıq: ancaq uçuq binalar, divarlar, torpaq yollar görünür. Bu dağıntı xaosunun içində istiqaməti üzərində "Mərkəz" yazılmış bayraqcıq-nişan göstərir.

Nişanın göstərdiyi istiqamət səni asfaltı dağılmış, enli yolunu yabanı otlar, kol-koslar kiçildən bir küçəyə çıxardır.

Xarabalıq

"Biz Mirzə Fətəli Axundov küçəsindəyik. O görünən işıq dirəyinin qarşısı məşhur Çay evi idi. Onu heç axtarmayın, dağıntısı da qalmayıb," - işğaldan əvvəl Ağdamda tikinti idarələrindən birinə rəhbərlik etmiş Arif Hacıyev 1993-cü ilə qədərki şəhəri xatırlayır.

Elə o çevrədə 3 tağı qalmış hündür bir binanın qalığı var: Ağdam Dram Teatrından yalnız bu divarlar qalıb.

"300 nəfərlik bir teatr idi, qarşısında fəvvarə və Fərhadın külünglə heykəli vardı. İşğaldan əvvəl biz heykəli götürüb yaxında bir yerə qoyduq, buranı tamam park edəcəkdik. İndi məni heykəli qoyduğumuz əraziyə buraxmırlar, gedim görüm salamatdırmıı… Deyirlər, ərazi minalı ola bilər".

Burda yerlə-yeksan olmuş və görkəmindən vaxtilə nə binası olduğu anlaşılmayan tikili qalıqlarının hər birinin tarixçəsi var, hətta dəmirləri paslanmış, telefonu itib-batmış köşkün də…

Blokunda 91 yazılan, iki mərtəbəli, pəncərələrindən Şərq üslubuna uyğun tikildiyi sezilən binaya pərçimlənib bu telefon köşkü.

"O vaxt bura telefon köşkü də qoymuşduq. Bu binada qızıl mağazası yerləşirdi. Üzbəüz gördüyünüz bina yenicə tikilmiş mehmanxana idi. Altı eynək dükanıydı, çayxana da vardı. Şəhərin camaatı çox vaxt bura yığılırdı," - Arif Hacıyev deyir.

Mehmanxana deyilən binanın 5-ci qatına qədər yalnız beton divarları qalıb, nə damı var, nə qapı-pəncərəsi.

Dağıntılar

Yanındakı iki mərtəbəli tikilini isə yalnız sütunları saxlayır. Paslanmış, yanmış damı çöküb.

Mehmanxananın qarşısını kol-kosun bitdiyi daş-torpaq təpəcikləri kəsir. Küçənin o biri hissəsində yan-yana eyni biçimdə tikilmiş iki mərtəbəli binanın yalnız qabaq divarları var, içərisini ot-ələf basıb. Pəncərə oyuğundan ikinci qata qalxan beton pilləkənlər görünür.

Bir az hündür yerdən baxanda şəhərdəki bütün tikililərin bir daş qalağına çevrildiyini, qollu-budaqlı ağacların əvəzinə yeni pöhrələnmiş ağac və kol-kos görmək olar.

EV

Arif Hacıyev şəhərdəki bu xarabalığın müharibə əsəri olmadığını deyir.

O, 27 il əvvəl şəhərdən çıxarkən evlərin, dövlət binalarının, mədəniyyət obyektlərinin sağ-salamat, əşya dolu olduğunu əlavə edir: "Kiminsə maşını vardısa, uzaqbaşı yorğan-döşəyini götürüb çıxıb".

O, 27 il əvvəlki Ağdamla indikini müqayisə edir: "Buralar o vaxt çox yaşıllıq idi, indi olduğumuz bu yer onda belə deyildi ki… Bu ağacdan - əliylə yol qırağında qol-budaq atmış qovaq ağacını göstərir, - yan-yana dördü vardı. İşğaldan qabaq olan ağaclardan 5-ini tanıdım, biri quruyub. Bu gördükləriniz 27 ildə özləri bitən ağaclar, kollardır," - o deyir.

Minarələr

Ağdamın 1868-ci ildə tikilmiş və tarixi abidə sayılan Cümə məscidinin özü durur, bir tikili kimi elə bircə onun daşı daş üstündədir, ancaq bəzi yerdə gümbəzi dağılıb, divar üzlükləri tökülüb, döşəməsi sökülüb.

Ağdamda dağıntılar

Azərbaycan əsilli, tanınmış fransalı fotoqraf Reza Deqati məscidin yanında öz səyyar sərgisini keçirir. Əslində buna səyyar-sərgi də demək olmaz, çünki onun öz fotolarını asaraq nümayiş etdirməyə bir yer yoxdur.

Məscid

Şəklin mənbəyi, BBC

Şəklin alt yazısı, Azərbaycan əsilli, tanınmış fransalı fotoqraf Reza Deqati məscidin yanında öz səyyar sərgisini keçirir.

Bu xarabalıqda o, sərgisinə canlı "salon" olur; fotoları əlində tutub bir-bir xatirəsini danışır: hamısı 1992-ci ildə Xocalı qırğınından sonra elə bu məscidin yanında çəkdikləridir.

O danışır ki, həmin vaxt Xocalıda həlak olanların cəsədləri Cümə məscidinə gətirilmişdi, adamlar da bura yığışıb öz əzizinin cəsədini axtarırdı. Məşhur "Haray çəkən qadın" fotosu: qadına oğlunun diri ikən gözlərinin çıxarıldığını deyiblər.

Digər foto uşağının cəsədini tapan başqa bir ananın ağrı-acısını göstərir.

Başqa bir foto Birinci Qarabağ savaşında Azərbaycanın Milli Qəhrəmanı olmuş, müharibənin futbolçudan döyüşçüyə, döyüşçüdən komandirə çevirdiyi Allahverdi Bağırovdan bəhs edir: o bu şəkildə Xocalıdan gələn yaralılara kömək edir.

Amma Reza Deqati bu fotonun əhvalatını bir az sonra, Şəhidlər Məzarlığında danışır.

Məzarlıq

Şəklin mənbəyi, BBC Sport

Şəklin alt yazısı, Qəbiristanlıqda isə yalnız Allahverdi Bağırovun məzarı var, yalnız bu qəbir yeri torpaqlanıb, Azərbaycan ordusu bura gəldikdən sonra bura Azərbaycan bayrağı sərib.

Qəbiristanlıqda isə yalnız Allahverdi Bağırovun məzarı var, yalnız bu qəbir yeri torpaqlanıb, Azərbaycan ordusu bura gəldikdən sonra bura Azərbaycan bayrağı sərib, Allahverdi Bağırovun adı həkk olmuş lövhə qoyub.

Onun məzarının sırasında qazılmış 10-dan çox yer isə böyük çuxurlardı.

Maşının çanağı

Arif Hacıyev ona gələn bir telefon zənginə məzarlıqda olduğunu söyləyir, dəstəyin o tayından nə soruşurlarsa, onun üzü gərilir, susur və sonra davam edir: "Yaxşısı budur, heç nə deməyim".

Deyəsən, telefonun o üzündən təkid edirlər: "Qardaş, nə deyim, heç nə yoxdur, qazıblar, heç nə yoxdur," - onun səsi titrəyir, tələsik telefonu qapadır.

"Bir, iki, üç, dörd, beş, beşinci qəbirdə dəfn olunmuş əsgərin atasıydı zəng edən,"- o, göz yaşını udmağa çalışır.

Onun saydığı yerlər qəbir yox, iri, qazılmış çuxurlardır. "Bu gördüyünüz yerlər hamısı məzar idi. Şəhidlərimizi burda dəfn etmişdik. Qazıb sümükləri də aparıblar,"- Arif Hacıyevin dodağı titrəyir.

Məscid

Mərkəzi küçədən şəhərin çıxışına doğru getdikcə vaxtilə yaşayış evləri olan həyətlər sıralanır. Həyətlərdən qurumuş nar ağacları boylanır.

Bəzi həyətləri daş hasarlar bir-birindən ayırır, bəzi yerlərdə uçub-dağıldığından həyət-həyətə qarışıb, amma heç birində ev yoxdur, hamısı ya təmiz dağılıb, ya da elə quruca divarlar qalıb.

Şəhərin içərilərinə doğru getməyə icazə verilmir. Zolaqlı lentlərlə çevrələnmiş yerlərdən bir addım kənara ayaq basmaq təhlükə deməkdir.

Ətrafdakı hərbçilər də gözünü dörd açıb zolaqlı çevrə boyunca sərbəst hərəkət edən jurnalistləri izləyirlər. Ara-sıra "Ora keçmə!" "Qayıt, qayıt!" çığırtısı eşidilir.

"İcazə versələr, şəhəri qarış-qarış iməkləyərək gəzərəm,"- Ağdama nəzarət altında gələn bəzi şəhər sakinləri deyirlər.

Xarabalıq

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri Ağdam və digər işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il lazım olduğunu vurğulayırlar.

Qurumun təmsilçili İdris İsmayılov deyir ki, amma bu o demək deyil ki, sakinlər evlərinə qayıtmaq üçün 10-15 il gözləyəcək. Onun sözlərinə görə, ilk öncə yaşayış yerləri minalardan təmizlənəcək, insanlar üçün təhlükəsiz sayıldıqdan sonra camaat öz dogma-yurd yuvalarına qayıda biləcəklər.

Dağıntılar

Amma otlaqlar, əkin yerləri, meşə və dağ əraziləri də minalardan təmizlənməlidir ki, bunlar da illərlə vaxt aparacaq, - İdris İsmayılov deyir.