Azərişıq işçiləri: "Bayram günlərinin, əlavə saatların ödənişlərini ala bilmirik”

Şəklin mənbəyi, Getty Images
Azərişıq-da çalışanların bəziləri onlardan xəbərsiz maaşlarından tutulub Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə olunduğunu düşünürlər, çünki bu dəfə nəzərdə tutulduğundan daha az maaş alıblar.
Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinə aid Sumqayıt Elektrikşəbəkəsinin bəzi işçilərinin şikayətinə görə, onların Novruz bayramı və əlavə iş saatları düzgün hesablanmayıb və əmək haqları tam ödənilməyib.
Azərişıq ASC bildirib ki, rəhbərlik bir aylıq əməkhaqqını tam, digər əməkdaşları isə öz aylıq əməkhaqlarının bir qismini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Azərişıq ASC-nin sözçüsü Tanrıverdi Mustafayev deyir ki, işçilər könüllü ianə ediblər, istəməyən heç bir əməkdaşın "1 manatı belə kəsilə bilməz" və o, maaşlarının "tam ödənildiyini" deyir.
"200 manatdan çox kəsilib"
Sumqayıt Elektrikşəbəkəsinin BBC News Azərbaycancaya danışan və adlarının çəkilməsini istəməyən əməkdaşları deyirlər ki, bəzən iş vaxtından artıq işləmək tələb olunsa da, buna görə lazımi ödənişlər edilmir, şikayət edən işçilər isə "incidilir".
Nazim Məmmədov (ad-soyad müsahibimiz anonim qalmaq istədiyi üçün dəyişdirilib) Novruz bayramı və xüsusi karantin günlərində işlədiklərini, lakin buna görə lazımi ödənişləri almadıqlarını söyləyir.
O deyir ki, bayram günündə işlədiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, ona həmin günlər üçün əmək haqqı ikiqat yazılmalıdır. Əvvəllər bayramlardakı iş saatları üçün əlavə ödənişi alıb, amma bu dəfə maaşını alanda görüb ki, əməkhaqqından 200 manatdan çox kəsilib.
Nazim Məmmədov bunu aydınlaşdırmaq istəsə də, maaşından tutulmanın səbəbini ona izah edən olmayıb.
"Hansısa ailənin vəziyyətini ağırlaşdırıb..."
O, televiziyada eşidib ki, "Azərişıq" Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib, bundan sonra düşünüb ki, onun əməkhaqqından kəsilmələr ianəyəmi yönəldilib?
Azərişıq ASC-nin rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir ki, "ASC-nin rəhbərliyi bir aylıq əməkhaqqını tam, digər əməkdaşları isə öz aylıq əməkhaqlarının bir qismini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər".
Fondun səhifəsində Azərişıq ASC-nin 250 min manat məbləğində ianə etdiyi göstərilib.
"Bir vətəndaş kimi fonda pulu keçirməyə razı olardım. Bu, müsbət haldır, amma öz adımdan köçürülsə, bu, daha müsbət hal olardı, nəinki belə. Həm də hər hansı ailənin vəziyyətini ağırlaşdırıb, harasa yardım etmək məqsədəuyğun deyil".
"Maaşın yarısı bank kreditinə gedir"
Nazim Məmmədov 600 manata yaxın əməkhaqqı aldığını, əlavə saatlar, gecə növbələri və bayram günləri hesablandıqdan sonra ödənişin bəzən 700-800 manatadək arta bildiyini deyir.
Cənab Məmmədov söyləyir ki, ailədə tək işləyən odur, gəlirinin yarısından çoxu isə banka kredit ödənişlərinə verilir. Əməkhaqqından kəsilmələr isə dolanışığı "pis vəziyyətə" salır.
"Kreditin ödənişini verəndən sonra 200-300 manat qalır, kommunal xərcləri ödədikdən sonra 1 aylıq dolanışıq ancaq çörəyə çatır, başqa heç nəyə. Yəni, bunun nə yağı var, nə suyu var, nə başqa bir şeyi. Bizim şikayətimizi eşitsəydilər, yaxşı olardı".
"Maaşım nə özümə, nə də iynə-dərmana çatır"
Sumqayıt Elektrikşəbəkəsinin başqa bir işçisi Həsən Abbasov (ad-soyad dəyişdirilib) bayram günlərinə görə hesablanmalı olan ikiqat əmək haqqını dörd ildir ki, almadığını deyir.
O, iş saatlarının düzgün hesablanmamasından narazıdır: "Axşam və gecə növbəsində işlədiyim qrafiklər yazılmır, gündüz növbəsi kimi qeyd olunur. Bu saatlara əslində ikiqat ödəniş düşür. 2016-cı ildən bəri nə artıq saatlara, nə də bayram günlərindəki işə görə pul ala bilmişəm. Eşitdiyimə görə, digər briqadaların ödənişlərini bizdən də çox kəsiblər".
Onun hesablamasına görə, hər dəfə belə növbələrdə işlədiyi aylarda onun maaşından azı 100 manat kəsilir: "Maaşım nə özümə, nə də iynə-dərmana çatır. Tez-tez həkimə gedirəm. Maaşımdan azı 100-110 manat kəsilir".
Əmək Məcəlləsində deyilir ki, "gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir".
Həsən Abbasov bəzi hallarda istirahət günlərində əməyi ödənilməyən işə çağrıldıqlarını, bundan imtina edənlərin "incidildiyini" söyləyir.
"Biz maraqlıyıq ki, əməkdaşlarımız yaxşı maaş alsınlar"
Azərişıq ASC-nin sözçüsü Tanrıverdi Mustafayev iddiaları qəbul etmir. O deyir ki, "qurumun respublika üzrə 14 mindən çox işçisi var və onların hamısı qanunla müəyyən edilmiş bütün ödənişləri alır".
"Qanundan bir addım da kənara çıxılmır. Qanunla işçiyə düşən bütün bayram günləri, əlavə iş saatlarına görə ikiqat ödəniş edilir. Biz əksinə, maraqlıyıq ki, əməkdaşlarımız yaxşı maaş alsın, həvəslə işləsin, səliqəli geyinsin, formada olsun," - cənab Mustafayev söyləyir.
O qeyd edir ki, işçilərin ödənişləri "tam şəffaf şəkildə" həyata keçirlir.
Koronavirusa görə ianəyə gəlincə, Tanrıverdi Mustafayev deyir ki, bu ianələr "könüllü şəkildə" edilir və buna heç bir işçi məcbur edilə bilməz.
"Mən özüm də fonda könüllü ianə etmişəm. Amma ianə etmək istəməyən işçinin maaşından 1 manat da tutula bilməz. İanə edib-etməmək işçinin öz seçimidir," - Azərişıq rəsmisi söyləyir.









