"İclasların telefon və internetlə keçirilməsinə üstünlük verilsin", koronavirusla bağlı təlimatlar

Bakı sakinləri

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

Azərbaycanda icra hakimiyyətlərində və dövlət qurumlarında iclasların, toplantıların yalnız telefon rabitəsi, mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilməsi tövsiyə olunur.

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair təlimatları imzalayıb.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilir ki, sözügedən təlimatda qurumlardan "mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılması" istənilir.

Digər tapşırıqlar isə aşağıdakılardır:

  • 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin.
  • İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin.
  • Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin.
  • Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın.
  • Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.
koronavirus
xətt

Bundan başqa, Baş nazir vətəndaş qəbulu ilə əlaqədar bəzi qaydalara riayət edilməsini tapşırıb.

Taşırılıb ki, qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbullar təxirə salınsın, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın.

Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulunun yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilməsi, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilməsi, qaynar xətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi qeyd olunur.

Təlimatda vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşların müəyyən edilməsi barədə göstəriş verilir.

Bildirilir ki, mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlər göstərilsin və tədbirlər barədə vətəndaşlar məlumatlandırılsın.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumlarından vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması istənilir.

Məktubda qeyd edilib ki, bu tapşırıqlar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyta təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Rəsmi qurumlara əsasən, Azərbaycanda 28 nəfərdə korona virus aşkarlanıb, bir nəfər ölüb, 7 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb.

"Hazırda karantində 560 nəfər var, bu günə qədər 4200-ə qədər müayinə aparılıb", o deyib.